Şənbə, 2 May, 2026
Tarix: 02 May 2026 09:04
"Azad edilmiş ərazilərdə çox böyük inkişaf və irəliləyişin şahidi oldum".
Bunu APA-nın Qarabağa ezam olunmuş əməkdaşına Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib.
“Bölgədə çox böyük inkişaf görürük və regiona uğurlar arzulayırıq. Bu ərazi nəqliyyat dəhlizlərinin inkişafı, yaşıl enerji layihələri baxımından mühüm regiondur. Görürük ki, bu bölgə necə sürətlə çiçəklənir”, – səfir qeyd edib.
Onun sözlərinə görə, Ukrayna Qarabağda həyata keçirilən bərpa, yaşıl enerji və digər inkişaf layihələrinin təcrübəsini yaxından izləyir və öyrənir.
“Biz artıq Kiyev vilayətində işğaldan azad olunmuş əraziləri bərpa edirik. Azərbaycan bizə böyük dəstək verir. Xüsusilə 2022-ci ildə işğal olunmuş İrpin şəhərinin bərpasında Azərbaycanın yardımına görə minnətdarıq. Yaxın gələcəkdə İrpində Azərbaycanla birlikdə yeni sosial layihələrə başlamağı gözləyirik”, – səfir bildirib.
Qusev iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.
“Düşünürəm ki, Prezident Volodimir Zelenskinin Azərbaycana tarixi səfəri ölkələrimiz arasında əməkdaşlıqda yeni səhifə açıb. Bizim strateji tərəfdaşlığımız var. Prezidentimizin səfəri zamanı altı ikitərəfli sənəd imzalanıb. Dövlət başçılarından əməkdaşlığın dərinləşdirilməsi və birgə layihələrin inkişafı ilə bağlı çoxlu tapşırıqlar almışıq”, – o vurğulayıb.
səfir Ukrayna