- , 29 Dekabr, 2024
Tarix: 30.03.2024 13:43
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 10-a çatıb.
Bu barədə APA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.
Himayədar ailələrə verilən uşaqlardan 2-i oğlan, 8-i qızdır. Həmçinin 5 nəfəri 6 yaşadək olan, 4 nəfəri 7-13 yaş arası, 1 nəfəri 14-18 yaş arası uşaqlardır.
Həmin 10 uşaqdan hazırda 2-si Bakı şəhərindəki, 8-ı digər şəhər və rayonlardakı (Lənkəran-2, Gəncə-1, Cəlilabad-1, Ağcabədi-1 , Biləsuvar-1, Zaqatala-1, Göyçay-1) ailələrdə yaşayırlar.
“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur.
Himayədar ailələrə sosial dəstək olaraq himayəyə götürdükləri:
0-6 yaş arası uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat);
7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat);
14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilməsi nəzərdə tutulub.
Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik müavinətlə də təmin edilirlər.