Bazar ertəsi, 1 İyun, 2026
Tarix: 01 Jun 2026 18:42
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Mülki müdafiə alayında “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “açıq qapı günü” keçirilib.
APA xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqların fövqəladə hallarla bağlı biliklərinin artırılması, onlarda təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, həmçinin Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Tədbir iştirakçıları əvvəlcə Nazirliyin fəaliyyəti, struktur bölmələri, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumatlandırılıblar. Uşaqlara yanğın təhlükəsizliyi qaydaları, fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin təhlükəsizlik tədbirləri və fövqəladə hallarda operativ xidmətlərin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Daha sonra uşaqlar Nazirliyin müasir texnika və avadanlıqları ilə tanış olublar. Onlara yanğınsöndürmə, xilasetmə və digər xüsusi təyinatlı avtomobillərin texniki imkanları nümayiş etdirilib, istifadə olunan avadanlıqların təyinatı və tətbiq qaydaları barədə məlumat verilib. Xilasedicilər tərəfindən müxtəlif xilasetmə əməliyyatları əyani şəkildə nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb.
Tədbir çərçivəsində uşaqlara fövqəladə halların qarşısının alınması, təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyi və həyat təhlükəsi yaradan hallarda düzgün davranış vərdişlərinin əhəmiyyəti barədə tövsiyələr verilib.
Uşaqlar təşkil olunan tədbiri maraqla qarşılayaraq nümayiş etdirilən texnika və avadanlıqlarla yaxından tanış olub, Nazirliyin əməkdaşlarının fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.
Tədbir çərçivəsində uşaqlar arasında təşkil olunan rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi də keçirilib. Ən yaxşı rəsm işlərinin müəllifləri fəxri fərman və hədiyyələrlə təltif olunublar. Uşaqların hazırladıqları rəsm əsərlərində təhlükəsizlik qaydaları, xilasedicilərin fəaliyyəti, yanğınlardan mühafizə və fövqəladə hallarda düzgün davranış mövzuları yaradıcı şəkildə əks etdirilib.
Sonda tədbirin uşaqların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılmasına, həmçinin onlarda xilasedici peşəsinə marağın formalaşmasına mühüm töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin şəhər və rayon hissələrində də şagirdlər üçün “açıq qapı” günü keçirib.
Ceyhun Məmmədov Fövqəladə Hallar Nazirliyi “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” “açıq qapı günü”















Mənbə: apa.az