Çərşənbə axşamı, 2 İyun, 2026
Tarix: 02 Jun 2026 17:08
Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslə bağlı prosedur müəyyənləşir, üzərinə həbs qoyulan əmlakla əlaqədar qərar məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək.
APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni - 99-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi Ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılırlar. Cinayət prosesini həyata keçirən orqan yuxarıda göstərilən şəxsin müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edir.
Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
- cinayət işinə əlavə edilməsi və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;
- etirazlar etmək və vəsatətlər vermək;
- birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;
- qanuni mənafeyinə toxunan şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında və cinayət işi materiallarının tədqiqində iştirak etmək, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə öz etirazını bildirmək;
- məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək:
- nümayəndəyə malik olmaq və səlahiyyətlərinə xitam vermək;
- ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;
- cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə həmin qərarların surətlərini almaq:
- əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməsi barədə qərarın çıxarılıb-çıxarılmamasından asılı olmayaraq, xüsusi müsadirəni və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasından məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında, habelə xüsusi müsadirənin tətbiq olunması, mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması hissəsində məhkəmənin hökmü və ya digər yekun qərarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək;
- bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid qismində dindirilə bilər.
Təklif olunan ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icratı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır. Belə ki, mülki mühakimə icratından fərqli olaraq məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha sonra məhkəmə qərarının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.
Beləliklə, təqdim olunan qanun layihəsində təklif edilən əlavə və dəyişikliklər təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apelyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzimləyir.
Firuzə Vahid Əmlak həbs prosedur müəyyənləşir
Mənbə: apa.az