Nazir: Azərbaycanın portfel investisiyalarının əhəmiyyətli hissəsi ABŞ-ın səhm bazarında cəmlənib

Nazir: Azərbaycanın portfel investisiyalarının əhəmiyyətli hissəsi ABŞ-ın səhm bazarında cəmlənib

Tarix: 02 Jun 2026 18:28

Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlıq genişlənməkdə davam edir və ölkənin portfel investisiyalarının əhəmiyyətli hissəsi ABŞ kapital və səhm bazarlarında cəmlənib.

APA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun yekunlarına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, dünən “Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan sənədlər arasında Azərbaycan şirkətlərinin ABŞ bazarlarına birbaşa investisiyalarını nəzərdə tutan layihələr də yer alıb.

Bu sahənin gələcəkdə daha da inkişaf edəcəyi vurğulanıb. Nazir əlavə edib ki, tərəflər ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi və daha inklüziv mexanizmlərin yaradılması istiqamətində də çalışırlar. Bununla yanaşı, süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq əsas prioritetlərdən biri kimi qiymətləndirilir.

Mikayıl Cabbarov bildirib ki, süni intellekt yalnız iqtisadi inkişaf deyil, həm də sosial həyat üçün böyük təsirə malik sahədir.

ABŞ-ın bu istiqamətdə qabaqcıl texnologiya və bilik bazasına sahib olduğunu deyən nazir Azərbaycan üçün bu əməkdaşlığın böyük imkanlar yaratdığını vurğulayıb.

O, Azərbaycanın güclü infrastruktur bazası, enerji imkanları, daxili və regional tələbat potensialını da qeyd edib.

Nazir əlavə edib ki, ölkə yalnız infrastruktur layihələri ilə deyil, həm də insan kapitalının inkişafı, innovasiya və iqtisadi məhsuldarlığın artırılması istiqamətində öz ekosistemini formalaşdırmaqda maraqlıdır.

İlqar Xudiyev

Mənbə: apa.az

Xəbər Lenti