Qarabağ kanalının yenidən qurulması üzrə İşçi qrupunun iclası keçirilib

Qarabağ kanalının yenidən qurulması üzrə İşçi qrupunun iclası keçirilib

Tarix: 26 Oct 2026 15:13

Azərbaycan Respublikası Prezidentinin “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun əmri ilə yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, iclasda çıxış edən İşçi qrupunun rəhbəri Rafiq Aslanov bildirib ki, 1958-ci ildə istismara verilmiş, Mingəçevir su anbarından qidalanan Qarabağ suvarma kanalı hazırda ölkənin ən böyük magistral kanalıdır. Kanal Mingəçevir şəhəri və 8 rayonun 115 min hektaradək əkin sahəsini suvarma, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin edir. Həmçinin Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə digər rayonların su təminatına dəstək verir. Kanalın torpaq məcralı olması səbəbindən ildə təxminən 300 milyon m³ su itkisi yaranır ki, bu da vegetasiya dövründə su təminatını çətinləşdirir.

Daha sonra ADSEA-nın tabeliyində olan “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” PHŞ-nin, eləcə də “PROYAPI” və “TEMELSU” şirkətlərinin mütəxəssisləri tərəfindən layihənin cari vəziyyətinə dair təqdimat keçirilib.

Təqdimatda bildirilib ki, kanalın 51 kilometrlik birinci hissəsi üzrə layihələndirmə işləri başa çatdırılıb. Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatına müsbət rəy alınaraq, layihə-smeta sənədləri 20 iyul 2026-cı il tarixində Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib və hazırda ekspertiza mərhələsindədir.

Kanalın 56 kilometrlik ikinci hissəsi üzrə də layihələndirmə işləri yekunlaşdırılıb. İkinci mərhələ üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatına müsbət rəy alındıqdan sonra smeta sənədlərinin oktyabr ayının sonunadək Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilməsi nəzərdə tutulur.

Üçüncü mərhələ üzrə isə topoqrafik çəkiliş və geoloji tədqiqat işləri başa çatdırılıb, hazırda hidravlik hesablamalar və layihələndirmə işləri davam etdirilir. Layihə-smeta sənədlərinin noyabr ayının sonunadək Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilməsi planlaşdırılır.

İclasda İşçi qrupunda təmsil olunan Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mingəçevir və Yevlax şəhərlərinin, eləcə də Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan və İmişli rayonlarının icra hakimiyyətlərinin nümayəndələri də iştirak ediblər. İştirakçılardan bir neçəsi çıxış edərək layihəyə dair rəy və təkliflərini bildiriblər.

Qeyd edək ki, ümumi uzunluğu 172,4 km olan Qarabağ suvarma kanalının baş giriş qurğusu, nasos stansiyalarını qidalandıran 56 suayırıcı qurğu, 51 suburaxan, 38 selötürən, 5 düker, 4 səviyyəqaldıran qurğu, 2 təxliyə qurğusu, 18 körpü və digər hidrotexniki qurğularla birlikdə yenidən qurulması nəticəsində kanalın su sərfi 113 m³/san-dən 135 m³/san-dək artırılacaq, beton üzlüklə örtülməsi hesabına su itkiləri azaldılacaq, suvarılan əkin sahələri isə 115 min hektardan 166 min hektaradək genişləndiriləcək.

Həmçinin kanalın 106-cı kilometrindən sonra trassasının dəyişdirilməsi Beyləqan və Ağcabədi rayonlarında Xan Qızı kanalının xidməti ərazsindən təxminən 20 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına imkan yaradacaq. Layihənin həyata keçirilməsi su ehtiyatlarından daha səmərəli istifadəyə, eləcə də ətraf ərazilərin ekoloji və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək.

APA-Economics Qarabağ kanalı yenidən qurulması
Qarabağ kanalının yenidən qurulması üzrə İşçi qrupunun iclası keçirilib

Mənbə: apa.az

Xəbər Lenti