Çərşənbə, 3 İyun, 2026
Tarix: 03 Jun 2026 11:55
Azərbaycan quruda yerləşən günəş enerjisi sahəsində çox böyük potensiala malikdir. Bu potensial təxminən 135 giqavat səviyyəsində qiymətləndirilir.
"APA-Economics" xəbər verir ki, bu barədə energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan tədbir zamanı bildirib.
"Biz həmçinin Azərbaycanın seçilmiş şəhərlərində və regionlarında damüstü günəş fotovoltaik (PV) sistemlərinin inkişafı imkanları üzərində işləməkdən məmnunuq", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, hökumət Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı yaşıl enerji zonaları elan edib. Damüstü günəş enerjisi proqramları da bu inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir.
"Bu tədqiqatın ilkin nəticələrinin çox ümidverici olmasından məmnunuq. Texniki qiymətləndirmələr damüstü günəş panellərinin quraşdırılması üçün təxminən 9,4 giqavat potensialın mövcud olduğunu göstərir. Ümumi təmiz enerji istehsalı potensialı isə 11,8 giqavat səviyyəsində qiymətləndirilir.
Biz bu tədqiqatın növbəti mərhələlərinin həyata keçirilməsi, bazar iştirakçılarının cəlb olunması və potensial investorlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində Dünya Bankı ilə birgə işləməyi səbirsizliklə gözləyirik", - nazir müavini vurğulayıb.
O bildirib kii, Azərbaycanın əsas şəhərlərində – Bakı, Naxçıvan, Ağdam, Cəbrayıl, Xankəndi, Şuşa, Culfa, Qubadlı və Zəngilanda damüstü günəş enerjisi layihələri üçün böyük biznes və investisiya imkanları mövcuddur. Bununla yanaşı, bu təşəbbüs gələcəkdə digər şəhərləri də əhatə edə bilər.
"Biz inanırıq ki, yaşıl enerji zonaları gələcəkdə xalis sıfır emissiya hədəfinə keçid üçün möhkəm təməl yaradacaq və hökumətin yaşıl enerji keçidi sahəsində səylərini dəstəkləyəcək. Bu keçid balanslaşdırılmış, ədalətli və iddialı olmaqla yanaşı, özəl sektor üçün də yeni imkanlar formalaşdıracaq", - Orxan Zeynalov qeyd edib.
Emil İsmayılov günəş enerjisi damüstü Orxan Zeynalov investorMənbə: apa.az