EPF: Ermənistan transsərhəd çaylarla əlaqədar öhdəliklərinə əməl etməlidir

EPF: Ermənistan transsərhəd çaylarla əlaqədar öhdəliklərinə əməl etməlidir

Tarix: 05 Jun 2026 18:58

“Bu gün dünyada Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur. Bu tarix bizə bir daha Cənubi Qafqazdakı ətraf mühit problemlərini – transsərhəd çaylarla əlaqədar vəziyyəti xatırladır. Biz Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ətraf mühitinə vurduğu zərəri faktlarla təsbit etmişik, buna dair ayrıca kartoqrafik əsər də hazırlamışıq”.

APA xəbər verir ki, bunu “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov bəyan edib.

O deyib ki, Ermənistanın qoşulduğu Espoo Konvensiyasından irəli gələn öhdəliklərə əməl etməsinə həm də sülh gündəliyinin tərkib hissəsi kimi baxılmalıdır: “Biz BMT-ni, Avropa İttifaqını, həmçinin əlaqədar digər beynəlxalq qurumları vətəndaş cəmiyyətinin regional ekoloji təşəbbüslərinə, Ermənistanla Azərbaycan arasındakı transsərhəd çayların ekoloji vəziyyətinə xüsusi diqqət yetirməyə çağırırıq”.

Amin Məmmədov onu da xatırladıb ki, Araz çayı həm də İranla transsərhəd çaydır, bu baxımdan İranın da Espoo Konvensiyasına qoşulması arzuolunandır, çünki Araz çayının çirkləndirilməsinin fəsadları bu çayın aşağı axınında yerləşən ölkə kimi Azərbaycana, eləcə də Xəzər dənizinə, regiona ciddi ziyan vurur.

Cənubi Qafqaz Amin Məmmədov

Mənbə: apa.az

Xəbər Lenti