Şənbə, 13 İyun, 2026
Tarix: 13 Jun 2026 09:27
“Surakhani Oil” Əməliyyat Şirkətinin təşəbbüsü ilə Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilat şirkətləri 15 iyun-Milli Qurtuluş Gününü qeyd ediblər.
“Surakhani Oil”dən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanın yeni müstəqillik dövrünə nəzər salan neftçilər vurğulayıblar ki, 15 iyun təqviminin əhəmiyyətini Azərbaycan xalqı hələ uzun müddət daha yaxşı anlayacaq və dəyərləndirəcək. Çünki, Azərbaycanın yeni müstəqillik dövrünün təməli məhz 1993-cü ilin 15 iyunu, Milli Qurtuluş Günü qoyulub. O zamana qədər Azərbaycan qaçılmaz geosiyasi proseslərin nəticəsində, Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etsə də, ölkədə baş verən dərin ictimai-siyasi və iqtisadi böhran zamanı proseslərin sükanını doğru istiqamətə çevirən məhz Azərbaycan xalqının tələbə ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev olub.
Qocaman neftçi, əməkdar mühəndis Telman Cəfərov isə çıxışında Heydər Əliyevin ilk hakimiyyəti dövründə Azərbaycanın sürətli sənayeləşmə yolundan bəhs edib. O xatırladıb ki, həmin illərdə təbii ehtiyatlarla zəngin yeni yataqlar aşkar edilib, Heydər Əliyevin təşəbbüsü ilə uzaqgörənliklə açılan unikal Dərin Özüllər Zavodu isə yeni müstəqillik dövrünün neft strategiyasının həyata keçirilməsində də əvəzsiz rol oynayıb. Azərbaycan dilinin neft sənayesində istifadəsinin genişlənməsi də məhz Heydər Əliyevin ilk hakimiyyət dövründə vüsət almağa başlayıb.
Çıxış edən “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev tədbiri yekunlaşdıraraq bildirib ki, bu gün bizim hər birimizin yaşadığı, fəaliyyət göstərdiyi güclü, uğurlu Azərbaycan Heydər Əliyevin əsəridir. Onun siyasi kursunun layiqli davamçısı olan Ali Baş Komandan İlham Əliyev ölkəni Milli Qurtuluşdan başlayan yolda tarixi Zəfərə apardı. Neftçilər bu şanlı tarixlə qürur duymaqla yanaşı, müstəqil Azərbaycanın möhkəmlənməsində hasilat sahəsinin vacib töhfələrini xatırlamalı və Azərbaycanın iqtisadi inkişafı üçün əzmlə çalışmalıdılar.
Tədbir iştirakçıları yeni müstəqillik dövrümüzün Milli Qurtuluş xronikasını əks etdirən sənədli filmi izləyib, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Emil İsmayılov Surakhani Oil Milli Qurtuluş Günü


Mənbə: apa.az