Bazar ertəsi, 26 Oktyabr, 2026
Tarix: 26 Oct 2026 11:32
Rusiyada üç ildən az sürücülük təcrübəsi olan şəxslərə 150 at gücündən çox olan nəqliyyat vasitələrini idarə etmək qadağan oluna bilər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu təşəbbüslə Milli Avtomobil İttifaqının rəhbəri Anton Şaparin çıxış edib.
Bildirilib ki, Rusiya yollarında baş verən bütün qəzaların təxminən üçdə biri təcrübəsiz sürücülər tərəfindən törədilir. Onlar tez-tez son dərəcə ehtiyatsız şəkildə maşın sürürlər və nəticədə ölüm halları da daxil olmaqla qəzalar baş verir. Bundan əlavə, sürücülük məktəbi məzunlarının yarıdan azı ilk cəhddə nəzəriyyə imtahanından keçə bilir. Bu fonda Milli Avtomobil İttifaqının prezidenti Anton Şaparin üç ildən az təcrübəsi olan sürücülərin 150 at gücündən çox olan nəqliyyat vasitələrini idarə etməsinin qadağan edilməsi təklifi ilə Daxili İşlər Naziri Vladimir Kolokoltsevə müraciət edib. Qayda pozanlar 5000 ilə 15000 rubl arasında cərimə olunacaqlar.
Təklif müəllifinin sözlərinə görə, təcrübələrinin azlığı səbəbindən belə sürücülər həmişə sürətli və təhlükəli sürücülüyün nəticələrini başa düşmürlər və bəzən hətta yüksək sürəti belə hiss etmirlər. Bundan əlavə, belə sürücülər tez-tez "nailiyyətlərini" sosial mediada paylaşan davamlı yol hərəkəti qaydalarını pozanlara çevrilirlər. Bu baxımdan, sosial şəbəkələrin daimi monitorinqinin tətbiqi və sonradan qayda pozanların məsuliyyətə cəlb edilməsi təklif olunur.
Fərid ƏkbərovMənbə: apa.az