Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər

Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər

Tarix: 26 Oct 2026 11:04

"İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə (İranda - red.) Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur".

APA xəbər verir ki, bu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yaydığı açıqlamada əksini tapıb.

Açıqlamada qeyd olunub ki, ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir:

"Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.

İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər".

Qeyd edək ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara "azad təhsil mühiti" yarada biləcəklərini elan edib, eyni zamanda deyib ki, İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır.

Gülcahan İmanqızı

Mənbə: apa.az

Xəbər Lenti