Çərşənbə axşamı, 16 İyun, 2026
Tarix: 16 Jun 2026 10:44
Gənclər İslam ölkələri üçün strateji inkişaf aktividir, lakin onların potensialından istifadədə hələ də ciddi boşluqlar mövcuddur.
"APA-Economics" xəbər verir ki, bunu Dünya Bankının Maliyyə, Rəqabətqabiliyyətlilik və İnnovasiya sahələri üzrə baş məsləhətçisi Ramil Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində "Sərhədsiz Gənclər: Ortaq Regional Rifahın Hərəkətverici Qüvvəsi" mövzusunda təşkil olunan sessiyada bildirib.
Onun sözlərinə görə, regionda məşğulluq səviyyəsi təxminən 15–30 faiz arasında dəyişir: "Eyni zamanda, nə təhsildə, nə məşğulluqda, nə də təlimdə olan gənclərin (NEET) payı da təxminən 20 faiz ətrafındadır. Bu göstəricilər Şərqi Avropa ölkələri ilə müqayisə edilə bilər. Lakin bu potensialı itirməyə heç bir əsas yoxdur. Biz bilirik ki, iqtisadiyyat və məhsuldarlıq əsasən əmək amili ilə müəyyən olunur. Kapital və texnologiya da mühüm rol oynayır. İslam ölkələri, xüsusilə Mərkəzi Asiya və Qafqaz regionu əmək resursları ilə zəngindir və bunun böyük bir hissəsini - təxminən 50 faizini gənclər təşkil edir".
O həmçinin vurğulayıb ki, regionda təxminən yarım milyon tələbə xaricdə təhsil alır. Bunun təxminən 20 faizi Türkiyəyə yönəlir. Digərləri isə müxtəlif ölkələrə gedir: "Regiondaxili təhsil və əmək mobilliyi hələ də məhduddur və bu istiqamətdə böyük inkişaf potensialı mövcuddur".
İlahə SəlimovaMənbə: apa.az