Bazar ertəsi, 26 Oktyabr, 2026
Tarix: 26 Oct 2026 06:52
Çexiyada hökumətin ictimai televiziya və radionun maliyyələşdirilməsi sistemini dəyişdirmək planlarına qarşı kütləvi etiraz aksiyaları təşkil olunub.
Çexiya Televiziyasının məlumatına görə, nümayişlər Praqa, Brno, Liberets və Çeske-Budeyovitse şəhərlərində keçirilib.
Ən böyük aksiya paytaxt Praqanın tarixi mərkəzində yerləşən Köhnə Şəhər meydanında baş tutub.
Etirazların təşkilatçısı olan “Demokratiya naminə milyon an” vətəndaş təşəbbüsünün məlumatına görə, Praqada təxminən 10 min, Brnoda isə 4 min nəfər nümayişə qatılıb.
İştirakçılar hökumətin siyasətini tənqid edərək Çexiya, Avropa İttifaqı və Ukrayna bayraqları qaldırıblar. Nümayişçilərin plakatlarında “İctimai mediadan əlinizi çəkin” kimi şüarlar yer alıb.
Etirazlara səbəb Çexiya parlamentinin aşağı palatasının oktyabrın 24-də ictimai medianın maliyyələşdirilməsinə dair qanun layihəsini birinci oxunuşda qəbul etməsi olub.
Dəyişikliklərə əsasən, Çexiya Televiziyası və Çexiya Radiosunun vətəndaşlardan toplanan abunə haqları hesabına deyil, birbaşa dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulur.
Etirazçılar hesab edirlər ki, bu dəyişiklik ictimai medianın hökumətdən asılılığını artıracaq və redaksiya müstəqilliyini zəiflədəcək.
Baş nazir Andrey Babiş isə ittihamları rədd edib.
“Müstəqil media uğrunda heç bir müharibə yoxdur. Demokratiya uğrunda mübarizə də getmir, medianın milliləşdirilməsi də planlaşdırılmır”, – deyə o bildirib.
Qanun layihəsinə parlament müxalifətində olan liberal partiyalar, mədəniyyət xadimləri və Katolik kilsəsinin yerli nümayəndələri də etiraz ediblər.
Etirazların təşkilatçıları noyabrın 15-də Praqadakı Letna meydanında daha genişmiqyaslı nümayiş keçirməyi planlaşdırırlar.
Çexiya Televiziyası və Çexiya Radiosunun əməkdaşları isə noyabrın 3-də birgünlük tətil keçirəcəklərini açıqlayıblar.
Çexiya Praqa Andrey Babiş etiraz aksiyaları Çexiya Televiziyası Çexiya Radiosu ictimai media mətbuat azadlığı maliyyələşdirmə nümayişlər
Mənbə: apa.az