Çərşənbə axşamı, 16 İyun, 2026
Tarix: 16 Jun 2026 09:58
Azərbaycan halal iqtisadiyyatının inkişafına töhfə verə və regional halal dəyər zəncirlərinin formalaşmasında mühüm rol oynaya bilər.
APA xəbər verir ki, bunu Kuala Lumpurda yerləşən İslam İnkişaf Bankı (IsDB) Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesawi İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsibdə keçirilən Halal forumdakı çıxışında deyib.
"Azərbaycan halal iqtisadiyyatının inkişafı üçün mühüm imkanlara malikdir. Regional əlaqələrin gücləndirilməsi və yeni ticarət marşrutlarının təşviqi ölkəyə halal dəyər zəncirlərinin inkişafında əhəmiyyətli rol oynamaq imkanı verir”, - o qeyd edib.
Elesawi bildirib ki, qlobal halal iqtisadiyyatının davamlı inkişafı üçün yalnız ticarətin genişlənməsi kifayət deyil, həm də güclü dəyər zəncirləri, ixtisaslaşmış institutlar, investisiya mexanizmləri və bilik mübadiləsi vacib əhəmiyyət daşıyır.
O, çıxışında qeyd edib ki, halal sektoru artıq sürətlə böyüyən qlobal iqtisadi ekosistemə çevrilib və dünya üzrə istehlakçıların tələbatı artmaqda davam edir. Elesawinin sözlərinə görə, bu inkişaf yeni ticarət və investisiya imkanları yaradır, eyni zamanda ölkələr arasında əməkdaşlığın gücləndirilməsini tələb edir.
Samer Elesawi vurğulayıb ki, halal iqtisadiyyatı yalnız ticarət və sertifikatlaşdırma məsələsi deyil, həm də ərzaq təhlükəsizliyi, dayanıqlı inkişaf, innovasiya və sosial rifahın təşviqi üçün mühüm vasitədir.
IsDB rəsmisinin fikrincə, halal sektorunun gələcək uğuru hökumətlərin, biznes qurumlarının və beynəlxalq təşkilatların birgə fəaliyyəti, eləcə də innovativ yanaşmaların tətbiqindən asılı olacaq.
İlqar Xudiyev IsDB İslam İnkişaf Bankı Azərbaycan halalMənbə: apa.az