Bazar ertəsi, 29 İyun, 2026
Tarix: 29 Jun 2026 10:30
Azərbaycanda kriptoaktivlər bazarının tənzimlənməsi ilə bağlı qanun layihəsinin son variantı hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilib. Hər şey plan üzrə getsə, qanunun bu ilin sonunadək qəbul olunacağı gözlənilir.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, kriptoaktivlər bazarının hüquqi çərçivəsinin yaradılması Mərkəzi Bankın maliyyə texnologiyaları sahəsində həyata keçirdiyi əsas təşəbbüslərdən biridir:
"Bu müddət ərzində virtual aktivlərlə bağlı mühüm işlər görülüb. Kripto bazarları haqqında qanunun son versiyası artıq bizim tərəfdən hazırlanaraq aidiyyəti dövlət qurumlarına göndərilib. Bu, bizim üçün kifayət qədər böyük nailiyyətdir. Çünki bu sahə indiyədək tənzimlənməyib və həm dünya, həm də bizim üçün kifayət qədər yeni bir mövzudur", – deyə departament direktoru bildirib.
F.Tofidi qeyd edib ki, qanun layihəsinin qəbul olunması kriptoaktivlar bazarının hüquqi əsaslarının formalaşdırılmasına, iştirakçılar üçün daha şəffaf və təhlükəsiz mühitin yaradılmasına xidmət edəcək.
"Ümid edirik ki, hər şey yaxşı getsə, ilin sonuna qədər ölkəmizdə kripto haqqında qanun təsdiqlənəcək. Bu istiqamətdə komandamız fəal şəkildə işləyir", – deyə o vurğulayıb.
Departament direktoru əlavə edib ki, Mərkəzi Bank son illər maliyyə texnologiyalarının inkişafı istiqamətində bir sıra mühüm layihələr həyata keçirib. Bunlara xüsusi tənzimləmə rejimi (sandbox), açıq bankçılıq (Open Banking) layihəsi, fintech ekosisteminin inkişafına dəstək və maliyyə sektorunun rəqəmsallaşdırılması üzrə təşəbbüslər daxildir.
Onun sözlərinə görə, hazırda Mərkəzi Bank 2027–2030-cu illəri əhatə edəcək yeni Maliyyə Sektorunun İnkişaf Strategiyası üzərində də işləyir. Yeni strategiyada rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi əsas prioritet istiqamətlərdən biri olacaq.
İlahə Səlimova AMB Fidan Tofidi kriptoaktivMənbə: apa.az