"Fitch": Brent nefti ilin sonunadək 70 dollara enəcək

"Fitch": Brent nefti ilin sonunadək 70 dollara enəcək

Tarix: 30 Jun 2026 10:40

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ilin dördüncü rübünədək Brent markalı neftin qiymətinin davamlı şəkildə bir barel üçün 70 ABŞ dollarına enəcəyini proqnozlaşdırır.

"APA-Economics" bu barədə reytinq agentliyinə istinadən xəbər verir. Agentlik bildirib ki, ABŞ-İran müharibəsi və bunun nəticəsində yaranan neft tədarükü şoku qlobal kredit mühitini pisləşdirsə də, bu, qlobal kredit bazarı üzrə əsas gözləntiləri köklü şəkildə dəyişməyib.

Hesabata görə, ötən ilin sonundakı ilkin qiymətləndirmə ilə müqayisədə 2026-cı il üzrə "pisləşən" qiymətləndirilən sektor və aktivlərin sayı əhəmiyyətli dərəcədə artıb. Fitch qiymətləndirdiyi sektorların təxminən üçdə biri üzrə əməliyyat və biznes şəraitinin, strukturlaşdırılmış maliyyə sektorlarında isə aktiv göstəricilərinin 2025-ci illə müqayisədə zəifləyəcəyini gözləyir.

Agentlik qeyd edib ki, makro-kredit risklərinin artması bəzi reytinqlərin aşağı salınmasına və müəyyən sektorlar üzrə mənfi proqnozların çoxalmasına səbəb olsa da, reytinqlərin böyük əksəriyyəti hələ də "Sabit" proqnozla qiymətləndirilir.

Fitch-in qiymətləndirməsinə görə, Hörmüz boğazının təxminən dörd ay faktiki bağlı qalması ciddi təsir yaratsa da, neft bazarındakı şokun müvəqqəti xarakter daşıması səbəbindən ilin sonuna doğru qiymətlər aşağı düşəcək.

Hesabatda həmçinin vurğulanır ki, süni intellektə yönələn investisiya bumu, xüsusilə Asiyanın texnologiya ixracatçıları üçün qlobal ticarəti dəstəkləyib. ABŞ-da kapital qoyuluşlarının artımı və süni intellektlə bağlı investor optimizmi də əmək bazarındakı yumşalmaya baxmayaraq iqtisadi fəallığı dəstəkləyən amillərdən biri olub.

Rahim Tarıverdiyev Fitch Ratings neft Brent proqnoz

Mənbə: apa.az

Xəbər Lenti