"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərləri məhkəmə zalından azadlığa buraxılıb - YENİLƏNİB

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərləri məhkəmə zalından azadlığa buraxılıb - YENİLƏNİB

Tarix: 01 Jul 2026 13:09

"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmov 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Onların cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Hər üç şəxs məhkəmə zalından azadlığa buraxılıb.

***

12.42

"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Çıxış edən dövlət ittihamçısı Emil Murquzov Ceyhun Salmanov və Elşad Məhərrəmovun 4 il, Natiq Əliyevin isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra vəkillər çıxış edib.

Proses davam edir.

Qeyd edək ki, “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Selcan Zaurqızı "Qurtuluş" Reabilitasiya Mərkəzi məhkəmə

Mənbə: apa.az

Xəbər Lenti