Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 12:56
Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin -"İdrak" liseyində riyaziyyat müəllimi işləyən Şəhla Kamilovanın anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə müvəkkilinin iclasda yanında əyləşməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin edib.
Vəkil, həmçinin prosesin qapalı keçilməsi ilə bağlı vəsatət verib.
Məhkəmə hazırkı mərhələdə iclasın qapalı keçirilməsinə zərurət olmadığı qərarına gəlib.
Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama görə, Şəhla Kamilova şagirdə irad bildirib. Şagird iradı özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra yeniyetmə atası tərəfindən gizlədilən ov tüfəngini və patron darağını götürərək öz otağına aparıb və çantasında gizlədib.
Qeyd olunub ki, gözətçilər çantaya baxmadığı üşün o, tüfəngi liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllimin olduğu otağa girərək atəş açıb, daha sonra oranı tərk edib.
Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini deyib.
Proses iyulun 24-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.
Emin Şirvanzadə "İdrak" liseyi məhkəmə ittiham aktı
Mənbə: apa.az