Agentlik: Qlobal qaz istehlakı son yeddi ildə üçüncü dəfə azala bilər

Agentlik: Qlobal qaz istehlakı son yeddi ildə üçüncü dəfə azala bilər

Tarix: 08 Jul 2026 10:42

Yaxın Şərqdə davam edən müharibənin təsirləri qlobal təbii qaz bazarını dəyişməyə davam edir. Təklifin məhdudlaşması və yüksək qiymətlər əsas bazarlarda qaza tələbatın azalmasına səbəb olur.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA, BEA) son rüblük hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, cari ildə qlobal təbii qaz tələbatının 0,5% azalacağı proqnozlaşdırılır. Bu azalma əsasən elektrik enerjisi istehsalı və sənaye sektorunda qaz istehlakının aşağı düşməsi ilə əlaqədardır. Proqnoz doğrularsa, bu, son yeddi ildə qlobal qaz tələbatının illik ifadədə üçüncü dəfə azalması olacaq.

BEA-nın "Gas Market Report" hesabatının üçüncü rüb buraxılışında əvvəllər qlobal mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün təxminən 20%-nin keçdiyi Hörmüz boğazı vasitəsilə qaz daşımalarında yaranmış ciddi fasilələrin bazara təsiri təhlil edilir.

“ABŞ və İran arasında iyunun ortalarında hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı əldə olunan aralıq razılaşmadan sonra LNG tankerlərinin boğazdan keçidi artsa da, bu göstərici hələ də münaqişədən əvvəlki səviyyədən xeyli aşağıdır”, - hesabatda qeyd olunur.

Eyni zamanda, gələcək ticarət axınları ilə bağlı qeyri-müəyyənlik yüksək olaraq qalır. Asiya və Avropada təbii qaz qiymətləri mart ayında qeydə alınmış pik səviyyələrlə müqayisədə azalsa da, hələ də 2025-ci ilin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir.

Emil İsmayılov IEA BEA Aİ Hörmüz boğazı Yaxın Şərq qaz istehlakı

Mənbə: apa.az

Xəbər Lenti