Mərkəzi Bank: Geosiyasi gərginliyə baxmayaraq, Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır

Mərkəzi Bank: Geosiyasi gərginliyə baxmayaraq, Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır

Tarix: 09 Jul 2026 10:29

Geosiyasi gərginlik, təchizat zəncirlərində pozuntular və iqlim risklərinə baxmayaraq, Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır.

APA-Economics xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankının "Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026" hesabatının təqdimatında deyib.

O bildirib ki, Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıq son 30 ildə davamlı inkişaf edib və hazırda tərəflər 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsini birgə həyata keçirirlər.

Əliyar Məmmədyarov qeyd edib ki, 2026-cı ilin birinci rübündə cari əməliyyatlar balansının profisiti 1,7 milyard ABŞ dolları və ya ÜDM-in 9,5%-ni təşkil edib. Onun sözlərinə görə, ilin sonunadək bu göstəricinin ÜDM-in 5,5%-i səviyyəsində olacağı gözlənilir.

O vurğulayıb ki, Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in 85,5%-nə bərabərdir və bu ehtiyatlar xarici şoklara qarşı etibarlı maliyyə buferi rolunu oynayır.

AMB sədrinin birinci müavini bildirib ki, may ayında illik inflyasiya 5,6% təşkil edib və bu göstərici Mərkəzi Bankın 4±2%-lik hədəf diapazonuna uyğundur. Onun sözlərinə görə, inflyasiya əsasən xarici təklif amillərinin təsiri ilə formalaşır. Mərkəzi Bankın may proqnozuna əsasən, inflyasiya 2026-cı ilin sonunda 5,9%, 2027-ci ilin sonunda isə 4,5% olacaq. Əliyar Məmmədyarov qeyd edib ki, bank sektorunda kapital adekvatlığı əmsalı 17%, likvidliyin örtülməsi əmsalı 155%, problemli kreditlərin xüsusi çəkisi isə 2,9% təşkil edir ki, bu da maliyyə sektorunun dayanıqlığını göstərir.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında hazırda üç mühüm struktur dəyişiklik müşahidə olunur. Bunlar qeyri-neft sektorunun iqtisadi artımda rolunun artması, tikinti kimi qeyri-ticarət sahələrindən nəqliyyat-logistika, informasiya texnologiyaları və qeyri-neft sənayesi kimi ticarət yönümlü sahələrə keçid, eləcə də iqtisadi artımın dövlət xərclərindən asılılığının tədricən azalmasıdır.

Əliyar Məmmədyarov əlavə edib ki, Mərkəzi Bankın may proqnozuna əsasən, 2026-cı ildə Azərbaycanın ÜDM-i 1,1% artacaq. O vurğulayıb ki, növbəti inkişaf mərhələsində iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq və turizm bu baxımdan böyük potensiala malik sahələrdən biridir. Dünya Bankının hesabatında da turizm infrastrukturunun, regional turizm istiqamətlərinin və nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı praktiki tövsiyələr yer alıb.

Rahim Tarıverdiyev AMB Dünya Bankı ÜDM inflasiya

Mənbə: apa.az

Xəbər Lenti