Şon Mann: Azərbaycan turist sayından çox, turistlərin xərclərini artırmağa fokuslanmalıdır

Şon Mann: Azərbaycan turist sayından çox, turistlərin xərclərini artırmağa fokuslanmalıdır

Tarix: 09 Jul 2026 11:20

Azərbaycan turist sayından çox, turistlərin xərclərini artırmağa fokuslanmalıdır.

"APA-Economics" xəbər verir ki, bunu Dünya Bankının turizm üzrə baş mütəxəssisi Şon Mann Bakıda "Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026" hesabatının təqdimatı çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanın turizm sahəsində növbəti inkişaf mərhələsi turist sayını artırmaqdan daha çox, onların ölkədə qalma müddətini, xərclərini və əldə olunan iqtisadi dəyəri yüksəltməyə yönəlməlidir.

Şon Mann bildirib ki, bunun üçün turizm məhsulları və istiqamətləri daha da inkişaf etdirilməli, regionlarda turistlər üçün yeni təcrübələr formalaşdırılmalıdır.

"Turizmin dəyərini artırmağın başqa yolu yoxdur. Bunun üçün turizm məhsullarını zənginləşdirmək və istiqamətlərin inkişafına sistemli investisiya qoymaq lazımdır", – o vurğulayıb.

Ekspert qeyd edib ki, eyni zamanda həmin istiqamətlərə uyğun beynəlxalq hava əlaqələrinin genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, investorların regionlara maraq göstərməsi üçün əvvəlcə zəruri infrastruktur və institusional baza yaradılmalıdır.

Şon Mann bildirib ki, turizmin inkişafı yalnız turizm qurumlarının işi deyil: "Bu proses nəqliyyat, əmək, ətraf mühit və digər dövlət qurumlarının koordinasiyalı fəaliyyətini tələb edir. Məhz bu əməkdaşlıq sayəsində regionlarda dayanıqlı turizm inkişafı təmin oluna bilər".

O əlavə edib ki, Dünya Bankının qiymətləndirməsinə görə, Azərbaycanda bir sıra turizm istiqamətləri üzrə inkişaf planları hazırlanıb, infrastruktur çatışmazlıqları müəyyən edilib: "Növbəti mərhələ isə bu planların real investisiyalarla həyata keçirilməsidir. İnvestisiya olmadan bu hədəflərə nail olmaq mümkün deyil".

Rahim Tarıverdiyev Dünya Bankı turizm xərclər

Mənbə: apa.az

Xəbər Lenti