ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini uzun müddət dəyişməz saxlaya bilər

ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini uzun müddət dəyişməz saxlaya bilər

Tarix: 10 Jul 2026 12:55

Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiyanın hədəf dəhlizinin yuxarı həddi ətrafında qalması fonunda uçot dərəcəsini uzun müddət dəyişməz saxlaya bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu "ING Bank"dan bildirilib.

Qeyd olunub ki, AMB iyunun 24-də uçot dərəcəsini 6,5% səviyyəsində dəyişməz saxlayıb və tənzimləyicinin verdiyi siqnallar faiz dərəcələrinin uzun müddət sabit qalacağına işarə edir. Analitiklərin fikrincə, buna əsas səbəb istehlak qiymətləri indeksinin (CPI) Mərkəzi Bankın 4±2% hədəf dəhlizinin yuxarı həddi ətrafında formalaşmasıdır.

ING bildirib ki, Azərbaycanda makroiqtisadi mənzərə güclü maliyyə göstəriciləri və zəif iqtisadi artımla xarakterizə olunur.

Hesabata əsasən, ticarət və maliyyə axınlarının perspektivləri müsbət olaraq qalır. Belə ki, BP "Azəri-Çıraq-Günəşli" yatağında qaz layihələrinə əlavə investisiya imkanlarını nəzərdən keçirir. Eyni zamanda, 2029-cu ildən etibarən "Abşeron" yatağından Türkiyəyə uzunmüddətli qaz tədarükü üzrə razılaşma planlaşdırılır.

Sənəddə xatırladılıb ki, Fitch Ratings Azərbaycanın "BBB-" kredit reytinqini təsdiqləyərək aşağı dövlət borcunu və böyük həcmdə suveren aktivləri ölkənin əsas üstünlükləri kimi qiymətləndirib.

ING analitiklərinin qiymətləndirməsinə görə, 2026-cı ilin ikinci yarısında Azərbaycan və region ölkələri üçün əsas risklər xarici siyasətdə baş verən proseslər, inflyasiyanın davamlılığı və beynəlxalq maliyyə bazarlarına çıxış imkanları olaraq qalacaq.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı növbəti qərarını iyul ayının 31-də açıqlayacaq.

Rahim Tarıverdiyev ING Azərbaycan uçot dərəcəsi inflyasiya Mərkəzi Bank

Mənbə: apa.az

Xəbər Lenti