Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 13:46
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında münasibətlər uzun illərdir möhkəmdir və bu gün də eyni səviyyədə davam edir.
"APA-Economics" xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatının Baş katibi İan Sanders Azərbaycana rəsmi səfəri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Gömrük Təşkilatının ən mühüm işçi və idarəetmə orqanlarında fəal iştirak edir:
"Bununla yanaşı, Azərbaycan daha praktik səviyyədə də mühüm fəaliyyət göstərir. Ölkə Ümumdünya Gömrük Təşkilatı tərəfindən akkreditə olunmuş ekspertlər hazırlayır və həmin ekspertlər təşkilatın digər üzv ölkələrində həyata keçirilən tətbiq və potensialın gücləndirilməsi proqramlarında iştirak edirlər. Bu, Azərbaycanın mühüm töhfələrindən biridir".
İan Sanders əlavə edib ki, son iki ildə Azərbaycan digər gömrük administrasiyalarının potensialının gücləndirilməsinə yönəlmiş proqramların maliyyələşdirilməsi üçün Ümumdünya Gömrük Təşkilatına fəal dəstək göstərir:
"Beləliklə, Azərbaycan təşkilatın işçi orqanlarında öz təcrübəsini bölüşür, idarəetmə prosesinə töhfə verir, ekspert dəstəyi və maliyyə yardımı göstərir. Bunun nəticəsində Azərbaycanın əldə etdiyi təcrübə və biliklər beynəlxalq gömrük ictimaiyyəti arasında daha geniş yayılır. Bu, həqiqətən də çox güclü tərəfdaşlıq münasibətidir".
İlahə Səlimova Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük TəşkilatıMənbə: apa.az