Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 19:38
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində keçirilən yas mərasimində baş verib.
Belə ki, 6 nəfər zəhərlənmə diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Dərhal onlara yardım edilib.
Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. İlkin məlumata görə, zəhərlənənlərin arasında azyaşlılarda var. Məlumata görə, həmin şəxslər yas mərasimində yemək yeyəndən sonra özlərini narahat hiss ediblər.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda müalicələri davam etdirilir, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir:
"Bu gün saat 17:50 radələrindən başlayaraq 2-si azyaşlı olmaqla 5 nəfər (1 kişi, 2 qadın, 1 qadın cinsli, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə - Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.
Zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir".
Xatırladaq ki, 2 gün əvvəl isə Gəncədə yas mərasimində kütləvi zəhərlənmə baş verib. Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Fuad NazimoğluMənbə: apa.az