CENTCOM: ABŞ-nin İrana endirdiyi yeni zərbələr dalğası başa çatıb - YENİLƏNİB-1

CENTCOM: ABŞ-nin İrana endirdiyi yeni zərbələr dalğası başa çatıb - YENİLƏNİB-1

Tarix: 15 Jul 2026 07:46

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbələr mərhələsinin başa çatdığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

Bildirilib ki, iyulun 14-də ABŞ-ın şərq sahili vaxtı ilə saat 22:00-da həyata keçirilən əməliyyat zamanı Hörmüz boğazı yaxınlığındakı və İranın sahilyanı ərazilərində yerləşən onlarla hərbi obyekt vurulub.

Məlumata görə, ABŞ-ın qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər yüksək dəqiqlikli sursatlardan istifadə etməklə İranın raket və PUA infrastrukturu, hərbi dəniz imkanları və sahil müdafiə sistemlərinə zərbələr endirib.

CENTCOM bildirib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında beynəlxalq ticarət gəmiçiliyini və mülki ekipajları təhdid etmək imkanlarını daha da zəiflətməkdir.

Komandanlıq qeyd edib ki, zərbələr ABŞ-ın həmin gün İran limanlarına gedən və oradan çıxan gəmilərə qarşı dəniz blokadasını bərpa etməsindən sonra həyata keçirilib.

*** 00:15 ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı əlavə zərbələr mərhələsinə başladığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə CENTCOM "X" hesabında məlumat yayıb.

“ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da CENTCOM qüvvələri İrana qarşı əlavə zərbələr mərhələsinə başlayıb. Məqsəd İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə hücumlarda istifadə etdiyi vasitələri məhv etməyə davam etməkdir”, – deyə komandanlığın açıqlamasında bildirilib.

Qeyd olunub ki, zərbələrlə paralel olaraq ABŞ hərbçiləri İranın dəniz limanlarının blokadasını bərpa etməyə hazırlaşırlar.

*** 23:05 ABŞ qüvvələri İran ərazisinə yenidən zərbələr endirib.

Bu barədə “ABC News” ABŞ administrasiyasındakı adının açıqlanmasını istəməyən rəsmiyə istinadla məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hərbi əməliyyat artıq bir neçə saatdır davam edir.

ABŞ və İran rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

abş iran

Mənbə: apa.az

Xəbər Lenti