Cümə axşamı, 16 İyul, 2026
Tarix: 16 Jul 2026 14:32
Qubada şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hamilə vəziyyətində olan 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın iyulun 14-də ev şəraitində ona antibiotik preparatının inyeksiya edilməsindən sonra səhhəti pisləşdiyi üçün tibb müəssisəsinə yerləşdirilməsi, iyulun 15-də isə müalicə aldığı xəstəxanada özünün və bətnindəki dölün ölməsi faktı ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Hazırda hadisənin başvermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər əhəmiyyət kəsb edən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və qanunauyğun qərarın qəbul edilməsi təmin olunacaq.
***
12.10
İyulun 15-də saat 01:00 radələrində 1 nəfər (qadın) aqonal vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, 2003-cü il təvəllüdlü hamiləyə anafilaktik şok (seftriakson inyeksiyasına qarşı), IV dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib:
"Pasiyent qəbul zamanı aqonal vəziyyətdə olub, ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib, pasiyentin həyat fəaliyyəti bərpa edilib.
Daha sonra tibbi göstəriş əsasında pasiyent üzərində cərrahi əməliyyat icra olunaraq ölü döl xaric edilib. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilib.
Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15 iyul tarixində saat 17:10 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib".
***
10.27
Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə ölümü qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, 5 aylıq hamilə, rayonun İqrığ kənd sakini 2003-cü il təvəllüdlü S. Əmrahovanın antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri shimal.news yayıb.
Xanım Məmmədova Quba hamilə ölüm faktı xəstəxana Baş ProkurorluqMənbə: apa.az