İraq nefti Suriya üzərindən yük avtomobilləri ilə daşınır

İraq nefti Suriya üzərindən yük avtomobilləri ilə daşınır

Tarix: 19 Jul 2026 16:41

İraq Hörmüz boğazı ətrafında yaranmış böhran fonunda neft məhsullarının ixracı üçün Suriya üzərindən avtomobil daşımalarından fəal şəkildə istifadə edir.

Bu barədə Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, minlərlə yük avtomobili neft məhsullarını Suriyanın Aralıq dənizi sahilində yerləşən limanlara çatdırır. Marşrutun qət edilməsi təxminən dörd gün çəkir. Bu isə ixrac axınlarının bir hissəsinin Hörmüz boğazı üzərindən keçən marşrutdan alternativ istiqamətə yönəldilməsinə imkan verir.

“Bloomberg” qeyd edir ki, yanacaq qıtlığı ilə üzləşmiş Suriya cəmi bir neçə ay ərzində Yaxın Şərqdə neft məhsullarının ümumi həcminin ¼-dən çoxunun daşındığı tranzit məntəqəsinə çevrilib və regionun əsas ixrac-logistika mərkəzlərindən biri statusunu qazanıb.

Bundan əvvəl İraqın neft naziri Basim Məhəmməd Xudeyr Bağdadın neft ixracı üçün daha iki əlavə marşrut açmağı planlaşdırdığını bildirmişdi. Onun sözlərinə görə, bu marşrutlar Türkiyənin Ceyhan limanı və Suriyanın Baniyas limanı üzərindən keçəcək. Nazir vurğulayıb ki, İraq böyük neft və qaz ehtiyatlarını nəzərə alaraq ixracda yalnız Hörmüz boğazından asılı qalmamalıdır.

Hörmüz boğazı ətrafındakı vəziyyət iyulun 8-də ABŞ-ın İran ərazisinə endirdiyi zərbələrdən sonra daha da gərginləşib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) həmin hücumların Tehranın boğazdan keçən kommersiya gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq həyata keçirildiyini bildirmişdi. İran isə öz növbəsində Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.

İraq neft Suriya

Mənbə: apa.az

Xəbər Lenti