Çərşənbə, 22 İyul, 2026
Tarix: 22 Jul 2026 09:48
Fransa parlamenti 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu qəbul edib.
APA xəbər verir ki, 2027-ci ilin yanvarından qüvvəyə minəcək bu qanun Avropada ilk olacaq.
Qanun çərçivəsində qadağa iki mərhələdə həyata keçiriləcək.
İlk mərhələdə, 2026-cı ilin sentyabr ayından etibarən 15 yaşdan kiçik şəxslər sosial şəbəkələrdə yeni hesab aça bilməyəcəklər. Həmin tarixdən sonra yaradılan bütün yeni hesablar üçün yaşın təsdiqlənməsi məcburi olacaq.
İkinci mərhələdə isə 2027-ci ilin yanvarından etibarən bu tələb mövcud bütün hesablara da şamil ediləcək. Beləliklə, Fransada sosial şəbəkələrdən istifadə edən hər kəs yaşını təsdiqləməli olacaq. Yaşını 15-dən yuxarı olduğunu sübut edə bilməyən istifadəçilərin platformalara çıxışı məhdudlaşdırılacaq.
Qanuna əsasən, sosial media şirkətləri Fransa Məlumatların Mühafizəsi üzrə Tənzimləyici Qurumu tərəfindən təsdiqlənmiş yaşın yoxlanılması sistemlərindən istifadə etməli olacaqlar. Hökumət bildirir ki, bu texnologiyalar artıq mövcuddur və onların tətbiqi həm effektiv, həm də təhlükəsizdir.
Fransa Prezidenti Emmanuel Makron qanunun qəbulunu alqışlayaraq bildirib ki, bu təşəbbüs onun prezidentlik dövrünün əsas vədlərindən biri idi. O, sosial şəbəkələrin uşaqların psixi sağlamlığına mənfi təsiri ilə bağlı artan narahatlıqlar fonunda belə addımın zəruri olduğunu vurğulayıb.
Bununla yanaşı, qanun parlamentdə birmənalı qarşılanmayıb. Sol siyasi qüvvələrin bir hissəsi sənədi tənqid edib. Mütəxəssislər isə yaşın təsdiqlənməsi sistemlərinin şəxsi məlumatların qorunması baxımından risklər yarada biləcəyini, yeniyetmələrin texniki üsullarla bu məhdudiyyətləri keçə biləcəyini və onların daha az nəzarət olunan platformalara yönələ biləcəyini bildirirlər.
Fransanın rəqəmsal məsələlər naziri Anne Le Henaff isə qanunun qısa müddətdə tətbiqinə etirazları qəbul etməyərək bildirib ki, yaşın təsdiqlənməsi üçün zəruri texnologiyalar artıq istifadəyə hazırdır və əlavə gecikməyə ehtiyac yoxdur.
Fransa bu sahədə dünyada ikinci ölkə olacaq. İlk belə qadağa Avstraliyada qəbul edilib. Həmin ölkədə 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsi 2025-ci ilin dekabrından məhdudlaşdırılıb. Bununla belə, Avstraliyanın eSafety Komissiyasının məlumatına görə, qadağaya baxmayaraq, əvvəllər sosial media hesabı olan 16 yaşdan kiçik uşaqların təxminən 70 faizi platformalara müəyyən formada çıxışını davam etdirə bilib.
Qərbi Avstraliyadakı Kurtin Universitetinin internet araşdırmaları üzrə professoru Tama Liver BBC-yə açıqlamasında bildirib ki, Avstraliya nümunəsi texniki baxımdan tam uğurlu olmasa da, belə qadağaların tətbiqinin mümkün olduğunu göstərib. Onun sözlərinə görə, Fransada bütün istifadəçilər üçün yaş təsdiqlənməsi məcburi olduğundan qanunun icrası daha effektiv ola bilər. Lakin bu, eyni zamanda məxfiliklə bağlı riskləri də artırır.
Ekspert hesab edir ki, bu cür məhdudiyyətlər yeniyetmələrin daha az tənzimlənən onlayn platformalara keçməsinə, xəbərlərə çıxışının azalmasına və onların ictimai-siyasi proseslərdə iştirak imkanlarının zəifləməsinə səbəb ola bilər.
Qeyd edək ki, son aylarda Avropada da uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması istiqamətində təşəbbüslər genişlənib. Böyük Britaniyanın keçmiş Baş naziri Kir Starmer iyun ayında 16 yaşdan kiçik şəxslərin 2027-ci ilin yanvarından sosial şəbəkələrdən istifadəsinin qadağan ediləcəyini açıqlayıb. Bundan əlavə, 16-17 yaşlı yeniyetmələr üçün gecə saatlarında sosial şəbəkələrdən istifadənin könüllü şəkildə məhdudlaşdırılmasını nəzərdə tutan "rəqəmsal komendant saatı" təşəbbüsü də təqdim olunub.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə may ayında Avropa üzrə uşaqlar üçün sosial şəbəkələrə çıxışın gecikdirilməsi təşəbbüsünü irəli sürüb və bununla bağlı yeni qanunvericilik təkliflərinin yaxın aylarda təqdim oluna biləcəyini bildirib.
***21.07.2026 / 23:13
Fransada sentyabr ayında yeni tədris ilinin əvvəlində 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun qüvvəyə minəcək.
APA xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron öz “X” hesabında məlumat verib.
"Mən bir söz verdim və indi qanun qəbul edildi: tədris ilinin əvvəlindən 15 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan ediləcək. Parlament üzvlərinə təşəkkür edirəm. İndi isə məsələ Konstitusiya Şurasının, daha sonra isə bu tədbiri həyata keçirmək və uşaqlarımızı onlayn qorumaq üçün konkret görüləcək tədbirlərin üzərinə düşəcək", - o yazıb.
Fransa Makron sosial şəbəkəMənbə: apa.az