Bazar, 26 İyul, 2026
Tarix: 26 Jul 2026 06:48
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların əhəmiyyətli dərəcədə genişləndirilməsini hələlik təxirə salıb. Buna səbəb əməliyyatların davam etdirilməsi nəticəsində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin və Yaxın Şərqdə yerləşdirilən digər hava müdafiə vasitələrinin sursat ehtiyatlarının təhlükəli səviyyədə azalması ilə bağlı narahatlıqdır.
Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat verib.
Məlumata görə, iyulun 24-də Tramp İran məsələsi ilə bağlı əsas müşavirləri və yüksəkvəzifəli rəsmilərlə müşavirə keçirib. ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib ki, Mərkəzi Komandanlıq (CENTCOM) İrana qarşı genişmiqyaslı əməliyyatları bərpa edə bilər, lakin bu halda ABŞ-ın raket əleyhinə sursat ehtiyatları təhlükəli dərəcədə azalacaq.
Qəzetin mənbələrinin sözlərinə görə, Trampın yaxın ətrafında münaqişənin daha da genişləndirilməsini dəstəkləyənlərin sayı azdır.
Adı açıqlanmayan amerikalı rəsmi hesab edir ki, genişmiqyaslı zərbələr İranı danışıqlar masasına qaytarmayacaq, əksinə, ölkə daxilində birliyi daha da gücləndirəcək.
Qəzet yazır ki, ABŞ administrasiyası həmçinin müharibənin genişlənməsinin Körfəz regionundakı müttəfiqlərlə münasibətlərə mənfi təsir göstərə, enerji və miqrasiya böhranını daha da dərinləşdirə biləcəyindən narahatdır.
ABŞ İran Tramp
Mənbə: apa.az