Bazar, 26 İyul, 2026
Tarix: 26 Jul 2026 10:41
"Noul" tayfunu Çinin cənubunda yerləşən Quanqdon (Guangdong) əyalətinə çataraq güclü külək və leysan yağışlara səbəb olub.
Al Jazeera xəbər verir ki, təbii fəlakət təhlükəsi ilə əlaqədar bölgədən 715 mindən çox sakin təhlükəsiz ərazilərə təxliyə edilib.
Çinin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, tayfun yerli vaxtla saat 03:50 radələrində Huidun dairəsinin sahillərinə çıxıb. "Noul" bu il Çində qeydə alınan ən güclü tayfun hesab olunur. Hazırda o, ölkənin daxilinə doğru hərəkət edir və tədricən zəifləyir.
Tayfun Honkonqa da ciddi təsir göstərib. Güclü külək və yağış səbəbindən 350-yə yaxın aviareys ləğv edilib, şəhərdə azı 9 nəfər xəsarət alıb. Hündürmərtəbəli binanın fasadındakı metal konstruksiyanın bir hissəsi qoparaq yerə düşsə də, hadisə zamanı xəsarət alan olmayıb.
Meteoroloqlar bildirirlər ki, yaxın günlərdə Quanqdon, Futszyan, Tszyansi və Hunan əyalətlərində leysan yağışları davam edəcək. Hakimiyyət orqanları sel və torpaq sürüşməsi riskinin yüksək olduğunu bildirərək əhalini ehtiyatlı olmağa çağırıb.
Çin Noul tayfunu Quanqdon Honkonq təxliyə leysan yağışları güclü külək təbii fəlakət sel təhlükəsi dünya xəbərləriMənbə: apa.az