Bazar, 26 İyul, 2026
Tarix: 26 Jul 2026 13:34
İran Xarici İşlər Nazirliyi Ukraynanı Xəzər dənizində İranın kommersiya gəmisinə hücum etməkdə ittiham edib.
IRNA xəbər verir ki, Tehranın iddiasına görə, insident nəticəsində bir dənizçi həlak olub, daha biri isə yaralanıb.
İran tərəfi hadisəni "təcavüz aktı" adlandıraraq ölkənin milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini bəyan edib. Rəsmi Tehran eyni zamanda Kiyevi müharibəni genişləndirməyə çalışmaqda günahlandırıb.
İranın dövlət xəbər agentliyinin məlumatına görə, Xarici İşlər Nazirliyi etirazını çatdırmaq üçün Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. İran rəsmiləri baş verənləri "düşmənçilik və cinayət xarakterli hücum" kimi qiymətləndiriblər.
Qeyd edək ki, UNİNAN-ın yazdığına görə, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Xəzər dənizində Rusiya hərbi gəmisinə və İranla əlaqəli hərbi yüklərin daşınmasında istifadə olunduğu iddia edilən gəmilərə zərbələr endirildiyini açıqlamışdı.
Ukrayna və İran arasında münasibətlər Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda gərgin olaraq qalır. Kiyev Rusiyanın İran istehsalı olan pilotsuz uçuş aparatlarından geniş istifadə etdiyini bildirir.
İran Ukrayna Xəzər dənizi Volodimir Zelenski IRNA Reuters Xarici İşlər Nazirliyi ticarət gəmisi Rusiya Yaxın Şərq
Mənbə: apa.az