Bazar ertəsi, 27 İyul, 2026
Tarix: 27 Jul 2026 16:38
Ukraynanın xarici işlər naziri Andriy Sıbiha İranın xarici işlər naziri Abbas Əraqçinin bəyanatına cavab olaraq Tehranın ittihamlarını əsassız adlandırıb.
APA xəbər verir ki, Sıbiha bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"İranın təhdidləri əsassızdır və heç bir hüquqi əsası yoxdur. Tehran rejimi 2022-ci ildən etibarən ukraynalıların ölümünə səbəb olan silahlarla Moskvanın cinayətkar müharibəsini dəstəkləməklə Rusiyanın Ukraynaya qarşı təcavüzünün birbaşa şərikinə çevrilib", – deyə o bildirib.
Nazirin sözlərinə görə, İranın özünü zərərçəkən kimi təqdim etməyə və BMT Nizamnaməsinə istinad edərək təhdidlərini əsaslandırmağa mənəvi və hüquqi haqqı yoxdur.
Sıbiha əlavə edib ki, Tehran bu cür bəyanatlarla Rusiyanın Qara dənizdə mülki gəmiçiliyə qarşı həyata keçirdiyi və qlobal ərzaq təhlükəsizliyini təhdid edən hücumlardan diqqəti yayındırmağa çalışır.
"Ancaq buna nail ola bilməyəcək. Rusiyanın gəmiçilik azadlığına hücumları bu gün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında diqqət mərkəzində olacaq və biz beynəlxalq ictimaiyyətdən qəti reaksiya gözləyirik", – deyə Ukrayna XİN başçısı vurğulayıb.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Ukraynanın İran gəmisinə hücumunu BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirərək bunun İsrailin tapşırığı ilə Avropanı müharibəyə cəlb etmək məqsədi daşıdığını bildirmişdi.
İlqar Xudiyev Ukrayna Sibiha Əraqçi İran gəmisinə zərbəMənbə: apa.az