Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 19:17
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Ukraynanın səlahiyyətli orqanlarına ünvanlanmış ekstradisiya sorğusu və beynəlxalq müqavilələrin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında İsmayılov Əlağa Məzahir oğlunun Azərbaycan Respublikasına ekstradisiyası barədə qərar qəbul edilib.
Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bununla da son bir il ərzində Ukrayna ərazisində müəyyən edilərək Azərbaycan Respublikasına təhvil verilməsi ilə bağlı qəbul olunmuş ekstradisiya qərarlarının sayı 7-yə çatıb.
Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış sübutlar əsasında Əlağa İsmayılovun Azərbaycan Respublikasının cinayət qanunu ilə nəzərdə tutulmuş dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək İnterpolun Milli Mərkəzi Bürosunun vasitəçiliyi ilə beynəlxalq axtarış elan edilib.
Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyən edilərək saxlanılması təmin olunub.
Hazırda şəxsin Azərbaycan Respublikasına gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.
"Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına ekstradisiya olunması istiqamətində xarici tərəfdaş hüquq-mühafizə orqanları, o cümlədən İnterpol ilə əməkdaşlığını bundan sonra da ardıcıl şəkildə davam etdirəcək", - məlumatda qeyd olunub.
Emin Şirvanzadə Əlağa İsmayılov beynəlxalq axtarışda olan şəxs dələduzluqMənbə: apa.az