Azərbaycan–Qırğızıstan münasibətləri yeni geosiyasi mərhələdə: Strateji tərəfdaşlıq regional inteqrasiyanı necə dəyişir? – ŞƏRH

Azərbaycan–Qırğızıstan münasibətləri yeni geosiyasi mərhələdə: Strateji tərəfdaşlıq regional inteqrasiyanı necə dəyişir? – ŞƏRH

Tarix: 31 Jul 2026 13:29

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasında iştirakı iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə yüksəldiyini nümayiş etdirir. Səfər təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi inteqrasiyanın dərinləşdirilməsi, Orta Dəhlizin potensialının genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında geostrateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qlobal geosiyasi dəyişikliklər fonunda Bakı ilə Bişkek arasında siyasi koordinasiyanın güclənməsi regional təhlükəsizlik, nəqliyyat, enerji və investisiya sahələrində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Dövlətlərarası Şuranın 3-cü iclası da bu tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirən mühüm qərarlarla yadda qalıb.

İclas çərçivəsində imzalanan Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarında iki ölkə arasında müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi vurğulanır, iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunur. Eyni zamanda, qırğız tərəfdaşların Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa layihələrində, xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisində iştirakı yüksək qiymətləndirilir. Bu qərarlar Azərbaycan–Qırğızıstan münasibətlərinin artıq strateji müttəfiqlik modelinə əsaslanan uzunmüddətli əməkdaşlıq mərhələsinə daxil olduğunu təsdiqləyir.

Politoloq Yeganə Hacıyeva APA-ya şərhində bildirib ki, müasir beynəlxalq sistem köklü transformasiya mərhələsindən keçir və qlobal güc mərkəzləri arasında rəqabətin dərinləşməsi, ənənəvi təhlükəsizlik arxitekturasının zəifləməsi dövlətləri xarici siyasət prioritetlərini yenidən müəyyənləşdirməyə məcbur edir.

Onun sözlərinə görə, strateji müttəfiqlik anlayışı artıq əvvəlki məzmunundan fərqlənir: "Əgər keçmişdə strateji tərəfdaşlıq əsasən hərbi əməkdaşlıq və siyasi dəstək üzərində qurulurdusa, bu gün həmin anlayış regional geosiyasi nizamın formalaşdırılmasına, geoiqtisadi marşrutların idarə edilməsinə və çoxtərəfli siyasi koordinasiyanın təmin edilməsinə xidmət edən kompleks əməkdaşlıq modelinə çevrilib."

Ekspert hesab edir ki, məhz bu səbəbdən Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlərə yalnız ikitərəfli əməkdaşlıq prizmasından baxmaq düzgün deyil. Onun fikrincə, bu münasibətlər Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi məkanın və Avrasiyada yaranan siyasi konfiqurasiyanın mühüm elementidir.

Yeganə Hacıyeva vurğulayıb ki, son otuz ildə Mərkəzi Asiyanın geosiyasi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib: "Əvvəllər region ölkələrinin xarici siyasəti əsasən Rusiya, Çin və Qərb arasında mövcud olan güc balansı çərçivəsində formalaşırdı. Bu isə regiondaxili inteqrasiya təşəbbüslərinin inkişafını məhdudlaşdırırdı."

Politoloqun fikrincə, son illərdə Türk Dövlətləri Təşkilatının institusional güclənməsi, Orta Dəhlizin strateji əhəmiyyətinin artması və alternativ nəqliyyat-kommunikasiya marşrutlarına tələbatın yüksəlməsi Mərkəzi Asiya ilə Cənubi Qafqazı ilk dəfə vahid geosiyasi məkan kimi birləşdirib.

"Bu prosesdə Azərbaycan yalnız coğrafi mövqeyinə görə deyil, həyata keçirdiyi xarici siyasət sayəsində siyasi koordinasiya mərkəzinə çevrilib. Azərbaycan artıq sadəcə tranzit ölkə və ya enerji ixracatçısı deyil. Bakı müxtəlif geosiyasi maraqları uzlaşdıran, regional əməkdaşlığı təşviq edən və türk dövlətləri arasında siyasi inteqrasiyanın əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Qırğızıstanla münasibətlərin dinamik inkişafı da məhz bu strateji yanaşmanın tərkib hissəsidir", – deyə o bildirib.

Ekspert qeyd edib ki, hazırda Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq iqtisadi layihələrin hüdudlarını çoxdan aşıb. Qarşılıqlı investisiyalar, nəqliyyat dəhlizləri, logistika marşrutları, enerji əməkdaşlığı və siyasi koordinasiya artıq vahid geostrateji konsepsiyanın elementlərinə çevrilib.

Onun sözlərinə görə, bu əməkdaşlıq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi inteqrasiyanı dərinləşdirir, Türk dünyasının institusional birliyini gücləndirir və Avrasiyanın geosiyasi xəritəsində yeni güc mərkəzinin formalaşmasına töhfə verir.

Yeganə Hacıyeva hesab edir ki, əməkdaşlığın ən mühüm nəticələrindən biri regional təhlükəsizlik mühitinə təsiridir. Onun fikrincə, müasir beynəlxalq münasibətlərdə təhlükəsizlik artıq yalnız hərbi amillərlə deyil, siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq və ortaq strateji maraqlarla müəyyən olunur.

"Azərbaycan ilə Qırğızıstan arasında formalaşan strateji tərəfdaşlıq məhz bu üç elementi özündə birləşdirərək Mərkəzi Asiya və Cənubi Qafqaz arasında sabitlik kəmərinin yaranmasına xidmət edir", – deyə politoloq vurğulayıb.

Ekspert əlavə edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz artıq böyük güclərin rəqabət apardığı passiv coğrafiya deyil. Onun sözlərinə görə, region beynəlxalq nəqliyyat marşrutlarının, enerji təhlükəsizliyinin və Avrasiya inteqrasiyasının gələcəyini müəyyənləşdirən mühüm strateji məkana çevrilir.

"Bu səbəbdən Azərbaycan–Qırğızıstan münasibətlərinə yalnız ikitərəfli əməkdaşlıq kimi baxmaq siyasi baxımdan natamam yanaşma olardı. Əslində söhbət Türk dünyasında yeni siyasi inteqrasiya modelinin formalaşmasından, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid geostrateji məkanın qurulmasından və Avrasiyanın gələcək siyasi düzənində regional dövlətlərin təsir imkanlarının genişlənməsindən gedir. Bu prosesdə Azərbaycanın rolu isə artıq iştirakçı ölkə statusundan kənara çıxaraq regional gündəliyi formalaşdıran aparıcı siyasi aktor səviyyəsinə yüksəlib", – deyə Yeganə Hacıyeva bildirib.

İki ölkə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Müqaviləyə toxunan ekspert bildirib ki, bu sənəd Azərbaycan–Qırğızıstan münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldən və ən yüksək siyasi əməkdaşlıq səviyyəsini təsbit edən fundamental hüquqi bazadır: "Müqavilə təkcə qarşılıqlı siyasi etimadın göstəricisi deyil, eyni zamanda təhlükəsizlik, xarici siyasətin koordinasiyası, iqtisadiyyat, nəqliyyat, enerji və humanitar sahələrdə uzunmüddətli strateji əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir."

Ekspert qeyd edib ki, sənəd Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verəcək, Orta Dəhlizin inkişafını sürətləndirəcək və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında geoiqtisadi əlaqələrin genişlənməsinə əlavə impuls qazandıracaq.

Onun fikrincə, Dövlətlərarası Şuranın üçüncü iclasında qəbul olunan qərarlar və müttəfiqlik müqaviləsi iki ölkə arasında münasibətləri klassik tərəfdaşlıq formatından institusional, uzunmüddətli strateji müttəfiqlik modelinə keçirir: "Bu, Azərbaycan və Qırğızıstanın regional və beynəlxalq məsələlərdə daha sıx koordinasiya etməsinə, ortaq maraqları vahid mövqedən müdafiə etməsinə və türk dünyasında siyasi həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edəcək."

Azərbaycan Qırğızıstan münasibətlər geosiyasi mərhələ Strateji tərəfdaşlıq regional inteqrasiya

Mənbə: apa.az

Xəbər Lenti