Şənbə, 1 Avqust, 2026
Tarix: 01 Aug 2026 22:12
Festival çərçivəsində növbəti konsert Amfiteatrında baş tutub. APA-nın Şirvan bürosu xəbər verir ki, "Dünya və Azərbaycan kinofilmlərindən sevilən musiqi parçaları" adlı möhtəşəm konsert proqramı izləyicilərə təqdim olunub. Açıq səma altında keçirilən konsertdə "Scorrendo" orkestri çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Mustafa Mehmandarovdur. Gecədə solistlər – skripka ifaçısı Səid Məmmədov və soprano Natella Quliyeva tamaşaçılar qarşısında çıxış ediblər. Konsert proqramında Tofiq Quliyevin "Görüş", Arif Məlikovun "Axırıncı aşırım", Xəyyam Mirzəzadənin "Yeddi oğul istərəm", Fikrət Əmirovun "Böyük dayaq" filmlərinə bəstələdiyi musiqilərlə yanaşı, Con Uilyams, Hans Zimmer, Ennio Morrikone, Ramin Cavadı, Nino Rota və Bill Konti kimi dünya şöhrətli bəstəkarların "Ulduz müharibələri", "Harri Potter", "İnterstellar", "Qeyri-mümkün tapşırıq", "İndiana Cons", "Peşəkar", "Matrisa", "Karib dənizinin quldurları", "Xaç atası" və "Rokki" filmlərindən məşhur musiqi əsərləri səsləndirilib. Müxtəlif nəsillərin sevdiyi ekran əsərlərinin yaddaqalan musiqilərinin canlı ifası amfiteatrda xüsusi ab-hava yaradıb. Tamaşaçılar hər bir ifanı gur alqışlarla qarşılayıb, konsertin sonunda isə orkestr və solistləri ayaqüstə alqışlayıblar. Festivalı izləməyə gələn yerli sakinlər və xarici qonaqlar bildiriblər ki, dünya kinosunun məşhur musiqilərinin Azərbaycan filmlərinin unudulmaz bəstələri ilə eyni proqramda təqdim olunması gecəyə xüsusi rəng qatıb. Onların sözlərinə görə, açıq səma altında, Qəbələnin ecazkar təbiəti fonunda keçirilən konsert musiqidən alınan zövqü daha da artırıb. Qəbələdə belə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi bölgənin turizm potensialını artırmaqla yanaşı, şəhərə gələn turistlər üçün də zəngin mədəni proqram yaradır. Yerli sakinlər isə festivalın hər il səbirsizliklə gözlənildiyini, bu cür konsertlərin rayonun mədəni həyatına xüsusi canlılıq gətirdiyini vurğulayıblar. Tamaşaçılar festivalın yüksək təşkilatçılığını, repertuar seçimini və musiqiçilərin peşəkar ifasını yüksək qiymətləndirərək, Qəbələ Beynəlxalq Musiqi Festivalının ölkənin ən nüfuzlu mədəniyyət layihələrindən biri olduğunu bildiriblər. Onlar bu cür konsertlərin gələcək illərdə də davam etdirilməsini arzuladıqlarını ifadə ediblər.
İlham Əhmədov










Mənbə: apa.az