Maliyyələşmə müsabiqəsinə hansı özəl bağçaların müraciət edə biləcəyi açıqlanıb

Maliyyələşmə müsabiqəsinə hansı özəl bağçaların müraciət edə biləcəyi açıqlanıb

Tarix: 05 Aug 2026 11:27

Özəl bağçaların maliyyələşmə müsabiqəsinə yalnız lisenziyası olan bağçalar müraciət edə bilər.

APA xəbər verir ki, bunu MÜTDA-nın direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda sistemimizdə 170 özəl müəssisə qeydiyyatdadır. 2026-cı ildə daha 10 yeni müəssisə qeydiyyatdan keçib, lakin onlar hələ sistemə tam inteqrasiya olunmayıb. Yəni ümumilikdə söhbət təxminən 180 müəssisədən gedir”,- o deyib.

O bildirib ki, özəl bağçaların maliyyələşmə müsabiqəsinə nə qədər çox müəssisə müraciət edərsə, bir o qədər keyfiyyətli seçim etmək imkanımız olacaq: “Qaliblər müəyyən olunduqdan sonra Elm və Təhsil Nazirliyinin elektron informasiya resurslarında onların siyahısı dərc ediləcək və valideynlər özlərinə uyğun müəssisəni seçə biləcəklər”.

Vəfa Yaqublu deyib ki, bu maliyyələşmə modelində təhsil haqqının 70 faizi dövlət büdcəsi hesabına ödənilir: “Dövlətin ödədiyi məbləğ Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə müəyyən edilir. Qalan hissə valideyn tərəfindən ödənilir. Qiymətləndirmə meyarlarında 100 baldan 50 balı müəssisənin maliyyə səmərəliliyinə ayrılıb. Bu zaman qiymətləndiriləcək ki, özəl müəssisə standart xidmətləri hansı qiymətlə təklif edir. Buna görə də daha yüksək təhsil haqqı müəyyən edən müəssisələrin qalib olmaq şansı nisbətən aşağı olacaq”.

Günay Elşən

Mənbə: apa.az

Xəbər Lenti