Cümə, 7 Avqust, 2026
Tarix: 07 Aug 2026 16:46
Yasamal rayon Prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 08.12.2025-ci il tarixli qərarına əsasən, Məmmədov Seymur İlqar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə müvafiq olaraq (qanunla müəyyən edilmiş qaydada sertifikasiya şəhadətnaməsi olmadığına görə) cərimə tətbiq olunması barədə qərar qəbul edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar ayında Azərbaycan Respublikasının Analitik Ekspertiza Mərkəzi tərəfindən ŞAMA MMC-yə məxsus Kəpəz Hospitalda plandankənar yoxlama keçirilib və tərtib inzibati xəta haqqında protokola əsasən yenidən Məmmədov Seymur İlqar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə müvafiq olaraq (qanunla müəyyən edilmiş qaydada sertifikasiya şəhadətnaməsi olmadığına görə) cərimə tətbiq olunması barədə qərar qəbul edilib.
"Seymur Məmmədovun adı Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında yer almır. Bu səbəbdən onun plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərmək və plastik cərrahiyyə əməliyyatları icra etmək hüququ yoxdur. Həmin şəxs ümumi cərrah ixtisası üzrə 26.12.2030-cu il tarixinədək qüvvədə olan sertifikasiya şəhadətnaməsinə malikdir və yalnız bu ixtisas üzrə praktik tibb fəaliyyəti göstərə bilər", - məlumatda qeyd olunub.
***
16:46
Bakıda estetik əməliyyatdan sonra pasiyentin ölüm faktı prokurorluq tərəfindən araşdırılır.
Bu barədə APA-ya Baş Prokurprluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Kəpəz” Hospitalında baş verən ölüm faktı ilə bağlı müvafiq olaraq Nəsimi rayon prokurorluğunda araşdırma başlanıb.
Qeyd edək ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turpun dünən “Kəpəz” Hospitalda keçirdiyi plastik əməliyyatdan sonra ölməsi barədə “Qafqazinfo” məlumat yayıb. Əməliyyatın cərrah Seymur Məmmədov tərəfindən icra olunduğu bildirilir.
Xatırladaq ki, bundan öncə də cərrah Seymur Məmmədovun əməliyyat etdiyi iki qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci il təvəllüdlü Pərvanə Mirzəyeva da həmin cərrah tərəfindən Yasamal rayonunda yerləşən “Etalon” klinikasında əməliyyat ediləndən sonra ölüb.
estetik əməliyyat plastik əməliyyat pasiyent ölümü araşdırma
Mənbə: apa.az