Şənbə, 8 Avqust, 2026
Tarix: 08 Aug 2026 18:16
Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Paşinyan 2025-ci il avqustun 8-də Ağ Evdə Vaşinqton Sülh Sammitinin təşkilinə, eləcə də Ermənistan və Azərbaycan liderlərinin qəbul etdiyi birgə bəyannaməni şahid qismində imzaladığına görə Trampa təşəkkür edib. Ermənistanın Baş naziri sülhün əldə olunmasında Trampın şəxsi səylərinin həlledici əhəmiyyət daşıdığını bildirib.
Tərəflər Vaşinqton Sülh Sammitinin Ermənistan və Azərbaycan arasında real sülhün yaranmasına gətirib çıxardığını və bunun hər iki ölkənin xalqları tərəfindən hiss olunduğunu qeyd ediblər.
Telefon danışığı zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasının hazırkı vəziyyəti də müzakirə olunub.
Paşinyan və Tramp TRIPP-ın tikintisi üzrə işlərə yaxın gələcəkdə başlamaq əzmində olduqlarını təsdiqləyiblər.
Tərəflər həmçinin Ermənistan-ABŞ ikitərəfli münasibətlərinə və beynəlxalq gündəliyə dair digər məsələləri müzakirə ediblər.
Mənbə: apa.az