Ali Məhkəmə valideynlik hüququndan məhrumetmənin əsaslarına aydınlıq gətirib

Ali Məhkəmə valideynlik hüququndan məhrumetmənin əsaslarına aydınlıq gətirib

Tarix: 13 Aug 2026 11:59

Ali Məhkəmə valideynlik hüququndan məhrumetmə ilə bağlı mühüm qərar qəbul edib.

Bu barədə APA-ya məhkəmədən bildirilib.

Məlumata görə, Ali Məhkəməsinin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar verib.

İşin hallarına görə, tərəflərin birgə nikahdan 11 yaşlı uşaqları var. Tərəflərin nikahı pozulub və ananın yanında qalan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması qət edilib. Sonradan tərəflər arasında mediasiya sazişi bağlanıb.

Sazişə əsasən, ata iddiaçının onun valideynlik hüquqlarından məhrum edilməsi barədə tələbini qəbul etməyi və bu tələbə qarşı etiraz irəli sürməməyi öhdəsinə götürüb. Ana isə bunun müqabilində, ata valideynlik hüquqlarından məhrum edildikdən sonra tərəflərin birgə nikahından doğulmuş uşağa münasibətdə ondan aliment və digər hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürüb.

İddiaçı cavabdehin atalıqdan məhrum edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edib, cavabdeh birinci və apellyasiya icraatlarında iddia tələbini etiraf edib. Apellyasiya məhkəməsi cavabdehin valideynlik hüququndan məhrum edilməsi haqqında qərar qəbul edib.

Ali Məhkəmənin mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir:

"Hazırkı halda atanın öz valideynlik hüququndan imtina etməsi uşağın mənafeyinə toxunan məsələ olduğundan, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilməlidir. İş materiallarında olan Suraxanı rayonu İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən də görünür ki, valideynlik hüququndan məhrum edilmə uşağın mənafeyinə uyğun deyil. Bu baxımdan etiraf uşağın mənafeyinə zidd olduğundan qəbul edilə bilməz. İddiaçı ilə cavabdeh arasında bağlanmış mediasiya sazişi də etibarsız olmaqla, bu mübahisənin həlli baxımından əhəmiyyətsiz olub".

Qeyd olunub ki, şəxsiyyət hüquqları insanın maddi olmayan, mənəvi xarakterli və onun şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqlardır. Bu hüquqlar şəxsin əmlakı ilə deyil, onun şəxsiyyəti ilə bağlıdır. Sözügedən hüquqlar əsasən şəxsiyyətin müdafiə olunmasına yönəlir (yəni, hüquq subyektinin şəxsiyyətinin üçüncü şəxslərin hüquqa zidd davranışlarından qoruyur).

Bildirilib ki, şəxs valideynlik hüququndan yalnız qanunla müəyyən edilmiş halların mövcudluğu sübuta yetirildiyi halda, özü də məhz uşağın üstün mənafeləri üçün məhkəmə qaydasında məhrum edilə bilər: "Valideynə qanunla verilmiş hüquqlar yalnız valideynin şəxsi maraqları üçün deyil, eyni zamanda uşağın beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Konstitusiyası və Ailə Məcəlləsi ilə qorunan mənafeyinin təmin edilməsi məqsədi daşıyır. Buna görə də valideyn həmin hüquqlar üzərində sərbəst sərəncam verə və ya valideynlər arasında bu hüquqlarla bağlı uşağın mənafeyinə uyğun olmayan razılaşma imzalana bilməz".

Vurğulanıb ki, valideynlik hüququndan məhrum edilmə ən son ölçüdür və uşaqların hüquq və mənafelərinin başqa yolla qorumağın mümkünsüz olduğu hallarda tətbiq olunur: "Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmiş və beləliklə də bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir".

Ali Məhkəmənin qərarı ilə cavabdehin şikayəti təmin olunub, iddiaçının cavabdehə qarşı valideynlik hüququndan məhrumetmə barədə iddiası rədd edilib.

Emin Şirvanzadə Ali Məhkəmə valideynlik hüququ qərar

Mənbə: apa.az

Xəbər Lenti