Azərbaycan media nümayəndələri Özbəkistanda İslam Sivilizasiyası Mərkəzində olublar

Azərbaycan media nümayəndələri Özbəkistanda İslam Sivilizasiyası Mərkəzində olublar

Tarix: 19 Aug 2026 16:42

Azərbaycan jurnalistləri Özbəkistana media turu çərçivəsində İslam Sivilizasiyası Mərkəzində olublar.

APA-nın Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, media nümayəndələrinin İslam Sivilizasiyası Mərkəzinə səfəri təşkil olunub.

Jurnalistlərə mərkəzin yaradılma tarixi, əsas məqsədləri və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, İslam Sivilizasiyası Mərkəzinin yaradılması təşəbbüsü Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Mərkəzin əsas məqsədi Özbəkistan və ümumilikdə İslam dünyasının zəngin elmi, mənəvi və mədəni irsini sistemli şəkildə öyrənmək, qorumaq və gələcək nəsillərə çatdırmaq, eləcə də bu irsi beynəlxalq ictimaiyyətə tanıtmaqdır.

Qeyd olunub ki, mərkəz İslam sivilizasiyasının inkişafında Mərkəzi Asiyanın, xüsusilə də Mavəraünnəhrin rolunun araşdırılması, görkəmli alim və mütəfəkkirlərin elmi irsinin təbliği, eləcə də müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Media nümayəndələri mərkəzin muzey və sərgi ekspozisiyaları ilə tanış olublar. Jurnalistlərə burada nümayiş etdirilən nadir əlyazmalar, qədim kitablar, tarixi eksponatlar və digər qiymətli nümunələr barədə məlumat verilib.

Sərgilərdə Mavəraünnəhrdən çıxmış görkəmli alimlərin dünya elminə, mədəniyyətinə və maarifçiliyinə verdiyi töhfələr müasir multimedia və interaktiv texnologiyalar vasitəsilə təqdim olunur.

Bildirilib ki, mərkəzin fəaliyyətində İslam dünyasının elmi və intellektual irsinin araşdırılması ilə yanaşı, gənc nəslin bu irslə tanışlığının təmin edilməsi, elmi tədqiqatların aparılması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur.

Səfər zamanı Azərbaycan jurnalistlərinə Özbəkistanın tarixi-mədəni irsin qorunması, İslam mədəniyyətinin və elminin inkişafında ölkənin tarixi rolunun təbliği, həmçinin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.

Qeyd edilib ki, İslam Sivilizasiyası Mərkəzi Özbəkistanın zəngin tarixi və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, İslam dünyasının elmi nailiyyətlərinin gələcək nəsillərə çatdırılması və ölkənin elmi-mədəni diplomatiyasının inkişaf etdirilməsi baxımından mühüm platforma kimi fəaliyyət göstərir.

İlqar Xudiyev #Azərbaycan #jurnalistlər #Özbəkistan

Mənbə: apa.az

Xəbər Lenti