Kubada xərçəng xəstəliklərinin müalicəsi üçün yeni preparat hazırlanıb

Kubada xərçəng xəstəliklərinin müalicəsi üçün yeni preparat hazırlanıb

Tarix: 28 Aug 2026 04:34

Kubalı alimlər ölkəyə qarşı ABŞ-ın sərtləşdirdiyi ticarət-iqtisadi və enerji blokadası şəraitində onkoloji xəstəliklərin müalicəsində istifadə olunması nəzərdə tutulan yeni preparat hazırlayıblar.

APA xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya bildirib.

Nazir X sosial şəbəkəsində yazıb ki, Molekulyar İmmunologiya Mərkəzinin (CIM) alimləri orqanizmin şiş hüceyrələrinə qarşı immun reaksiyasını stimullaşdıran və dünyada geniş istifadə olunan pembrolizumaba oxşar xüsusiyyətlərə malik 2C12 preparat namizədi hazırlayıblar.

Onun sözlərinə görə, bu nailiyyət Kubanın enerji böhranı və ABŞ-ın blokadanı əhəmiyyətli dərəcədə sərtləşdirdiyi mürəkkəb dövrdə əldə olunub.

Nazir bildirib ki, ABŞ hökumətinin Kubaya dərman preparatları, tibbi avadanlıqlar və biofarmasevtika sənayesi üçün zəruri xammal daşıyan konteynerlərin tədarükünü məhdudlaşdıran tədbirləri vəziyyəti daha da çətinləşdirir.

“Bu preparatın yaradılması kubalı alimlərin dərman təminatı sahəsində suverenliyi təmin etmək istəyini nümayiş etdirir”, – deyə Parrilya bildirib.

O, bunun Kubada əsas ölüm səbəblərindən biri olan onkoloji xəstəliklərin müalicəsi baxımından xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb.

Kuba xərçəng 2C12 Bruno Rodriges Parrilya tibbi preparat

Mənbə: apa.az

Xəbər Lenti