Şənbə, 29 Avqust, 2026
Tarix: 29 Aug 2026 12:02
“Meta Platforms” uşaqlarda asılılıq yaratmaq məqsədilə “Facebook” və “Instagram” platformalarını hazırladığına dair ABŞ-ın demək olar ki, bütün ştatlarının irəli sürdüyü iddiaların həlli üçün növbəti 10 il ərzində 18 milyard dollara qədər vəsait ödəməyə razılaşıb.
"APA-Economics" "Reuters"ə istinadən xəbər verir ki, razılaşma çərçivəsində şirkət yeniyetmələrin bu platformalardan istifadəsinə də ciddi məhdudiyyətlər tətbiq edəcək.
Çərşənbə günü açıqlanan razılaşmalarla “Meta”nın məhsullarının uşaqlara zərər vurduğu və şirkətin bu platformaların təhlükəsizliyi ilə bağlı ictimaiyyəti çaşdırdığı iddiaları üzrə davam edən federal məhkəmə prosesinə son qoyulub. Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi ştatlarının şirkətdən ümumilikdə 200 milyard dollara yaxın mülki cərimə tələb edəcəyi gözlənilirdi.
Razılaşma “Meta”nın fəaliyyət modelinin kökündən dəyişdirilməsini nəzərdə tutmasa da, şirkətin azyaşlı istifadəçilərlə bağlı siyasətinin daha sərt çərçivəyə salınması baxımından mühüm addım hesab olunur.
Bu razılaşmanın sosial media şirkətlərinə qarşı qaldırılmış minlərlə digər məhkəmə işinin həlli üçün də nümunə ola biləcəyi bildirilir. Dünyanın müxtəlif ölkələrində hökumətlər uşaqların zərərli onlayn məzmuna çıxışını məhdudlaşdırmağa çalışırlar. Buna Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə tətbiq edilən qadağa da daxildir.
“Bu işin əsas məqsədi uşaqlarımızı qorumaq idi”, – Kolorado ştatının baş prokuroru Fil Vayzer bildirib.
Onun sözlərinə görə, razılaşma nəticəsində əldə olunan tədbirlər kifayət qədər əhəmiyyətlidir və indiyədək hər hansı məhkəmənin tətbiq etdiyi və ya tətbiq edə biləcəyi məhdudiyyətlərdən daha genişdir.
Razılaşmaya əsasən, “Meta” növbəti 10 il ərzində valideyn razılığı olmadığı halda yeniyetmələrin “Facebook” və “Instagram”dan istifadəsini gündə iki saatla məhdudlaşdıracaq. Bundan əlavə, gecə saat 00:00-dan səhər saat 06:00-dək bu platformalardan istifadə bloklanacaq.
“Snapchat”, “TikTok” və “YouTube” kimi digər sosial media platformaları da oxşar şərtləri qəbul edərsə, bu məhdudiyyətlər daha da sərtləşdirilə bilər.
“Meta” həmçinin məktəb saatlarında – səhər saat 08:00-dan 15:00-dək – yeniyetmə istifadəçilərə göndərilən əksər bildirişlərini deaktiv edəcək. Şirkət uşaqların yaş məhdudiyyəti tətbiq olunan məzmuna çıxışının qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri də görəcək.
Bununla belə, razılaşma “Meta”dan fərdiləşdirilmiş tövsiyə sistemindən və ya hədəflənmiş reklamlardan imtina etməyi tələb etmir.
Sənəd şirkətin öz tədqiqatçılarının xüsusilə problemli hesab etdiyi bəzi məzmun növlərini də əhatə etmir. Bunların sırasında “Instagram” istifadəçilərində öz bədən görünüşü ilə bağlı narahatlıq yaradan paylaşımlar da var.
“Meta” razılaşmaya getməsinə baxmayaraq, hər hansı qanun pozuntusuna yol verdiyini qəbul etməyib.
Şirkətin ödəyəcəyi ümumi məbləğ “Meta”nın təxminən üç-dörd aylıq mənfəətinə və təxminən bir aylıq gəlirinə bərabərdir.
APA-Economics Meta uşaqlar sosial media asılılığı sosial media ABŞ
Mənbə: apa.az