Çərşənbə, 2 Sentyabr, 2026
Tarix: 02 Sep 2026 04:39
İran hələ də Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) müfəttişlərinin ölkənin nüvə obyektlərinə girişinə icazə vermir.
Bu barədə Bloomberg agentliyi AEBA-nın əldə etdiyi hesabatına istinadən məlumat yayıb.
Sənədə əsasən, müfəttişlər İsrail və ABŞ-ın zərbələri nəticəsində zədələnmiş İsfahan, Natanz və Fordo nüvə obyektlərinə indiyədək giriş əldə edə bilməyiblər.
Qeyd olunur ki, AEBA sonuncu dəfə həmin obyektlərdə 440 kiloqramdan çox yüksək zənginləşdirilmiş uran və təxminən 8,6 min kiloqram daha aşağı səviyyədə zənginləşdirilmiş uranın mövcudluğunu qeydə alıb.
Hesabatda bildirilir ki, bu nüvə materiallarının hazırkı vəziyyəti barədə məlumatın olmaması AEBA-nın baş direktoru Rafael Qrossidə nüvə silahlarının yayılmaması baxımından narahatlıq doğurur.
Qrossi Tehranı müfəttişlərin nüvə obyektlərinə girişini mümkün qədər tez təmin etməyə çağırıb.
Bununla yanaşı, hesabatda AEBA müfəttişlərinin sentyabrın ortalarında Buşehr Atom Elektrik Stansiyasına giriş əldə etməsinin gözlənildiyi qeyd olunub.
Bloomberg-in məlumatına görə, AEBA-nın Rəhbərlər Şurası gələn həftə İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə edəcək.
İran AEBA nüvə proqramı Bloomberg
Mənbə: apa.az