Şənbə, 5 Sentyabr, 2026
Tarix: 05 Sep 2026 13:25
Avropa İttifaqının Ermənistanla iqtisadi münasibətlərində yeni mərhələ başlayır. Brüssel Ermənistan ixracının təxminən 80 faizini əhatə edən məhsullar üzrə idxal rüsumlarının iki il müddətinə ləğv edilməsini nəzərdə tutan təşəbbüsü irəli sürüb. Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsində təklif 35 səslə dəstəklənib, 2 deputat əleyhinə səs verib, 3 nəfər bitərəf qalıb. Güzəştlərin kənd təsərrüfatı məhsulları və içkilər də daxil olmaqla geniş çeşiddə malları əhatə etməsi nəzərdə tutulur. Bu addım Ermənistan üçün alternativ ixrac bazarları yaratmaqla yanaşı, Aİ-nin ticarət siyasətində iqtisadi meyarların siyasi maraqlara nə dərəcədə tabe edilməsi ilə bağlı yeni suallar doğurur.
Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov APA-ya açıqlamasında bildirib ki, Avropa İttifaqının Ermənistanla bağlı qərarı iqtisadi olmaqla yanaşı, siyasi və geosiyasi motivlərə əsaslanır.
“Təbii ki, bu qərar siyasi qərardır. Avropa İttifaqının rəsmiləri də gizlətmirlər ki, qərarın əsas motivlərindən biri Ermənistanın Avropaya yaxınlaşması fonunda üzləşə biləcəyi iqtisadi itkilərin kompensasiya edilməsidir”, – ekspert bildirib.
Onun fikrincə, belə bir vəziyyətdə Avropa İttifaqının İrəvana iqtisadi dəstək göstərməsi siyasi motivlərin iqtisadi qərarlara təsirini də nümayiş etdirir. Ermənistanın xarici siyasət istiqamətində baş verən dəyişikliklərin ardınca ona əlavə iqtisadi imkanların yaradılması Aİ-nin bazara çıxış məsələsində seçici yanaşmasını gündəmə gətirir.
Rusiya amili və Ermənistanın iqtisadi alternativ axtarışı
Aİ-nin Ermənistan üçün nəzərdə tutduğu ticarət güzəştləri sırf iqtisadi qərar təsiri bağışlamır. İrəvanın xarici siyasətdə Qərbə istiqamətlənməsi ilə paralel atılan bu addım Brüsselin iqtisadi imkanlardan geosiyasi təsir və təşviq aləti kimi istifadə etməsi məsələsini gündəmə gətirir.
Bu yanaşma Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri fonunda daha aydın görünür. Moskva uzun illər İrəvanın əsas ticarət tərəfdaşlarından və investorlarından biri olub. Rusiya ilə münasibətlərin zəifləməsi mümkün iqtisadi riskləri artırdığından, Avropa bazarının güzəştli şərtlərlə daha əlçatan edilməsi Ermənistan üçün bu itkiləri kompensasiya edən alternativ imkan yaradır. Nəticədə güzəştlər ölkənin Rusiya bazarından asılılığının tədricən azaldılmasına xidmət etməklə yanaşı, siyasi kurs dəyişikliyinin iqtisadi üstünlüklərlə təşviq edilməsi təsiri bağışlayır.
Murad Muradovun sözlərinə görə, Rusiya Ermənistanın siyasi kursuna təsir göstərmək üçün iqtisadi vasitələrdən də istifadə edib.
“Rusiyanın İrəvanı bu yönümlü siyasi kursdan döndərmək üçün istifadə etdiyi əsas vasitələrdən biri məhz iqtisadi təzyiqlərdir. Rusiya uzun müddət Ermənistan üçün həm əsas ticarət tərəfdaşlarından, həm də əsas investorlardan biri olub”, – o deyib.
Ekspert qeyd edib ki, Moskva müəyyən məhdudiyyətlər tətbiq etməklə, bir sıra Ermənistan məhsullarının Rusiya bazarına idxalını çətinləşdirməklə, eləcə də Rusiyada fəaliyyət göstərən Ermənistan vətəndaşları və şirkətləri üçün müxtəlif problemlər yaratmaqla İrəvana iqtisadi təzyiq göstərməyə çalışıb.
Murad Muradov Rusiya Prezidenti Vladimir Putinin son bəyanatlarında Moskvanın Ermənistanın Avropa İttifaqına yaxınlaşmasının Rusiya ilə mövcud iqtisadi və siyasi münasibətlərlə uzlaşmadığını düşündüyünü kifayət qədər aydın şəkildə ifadə etdiyini də xatırladıb.
Aİ Ermənistan üçün mühüm ixrac və idxal bazarına çevrilir
Avropa İttifaqı Ermənistanın xarici ticarətində hər iki istiqamətdə mühüm mövqeyə malikdir. 2025-ci ildə Aİ Ermənistanın ümumi ixracında 7,9 faizlik payla ölkənin dördüncü ən böyük ixrac bazarı olub. Ermənistanın ümumi idxalının isə 13,5 faizi Aİ-nin payına düşüb. Ermənistan Avropaya əsasən emal sənayesi və mədənçıxarma sektoruna aid məhsullar ixrac edir.
Lakin mövcud ticarət əlaqələri fonunda Ermənistana əlavə güzəştlərin verilməsi ölkənin ixrac imkanlarını süni şəkildə genişləndirməklə bərabər, bazarda bərabər rəqabət prinsiplərinin pozulması riskini də gündəmə gətirir. Rüsumların aradan qaldırılması Ermənistan məhsullarına digər ixracatçılarla müqayisədə əlavə üstünlük qazandıra, iqtisadi rəqabətin siyasi qərarlar hesabına tənzimlənməsi təəssüratı yarada bilər.
Murad Muradov bildirib ki, bu göstəricilər Ermənistan-Aİ iqtisadi əlaqələrinin artıq yalnız siyasi yaxınlaşma ilə məhdudlaşmadığını göstərir.
“Aİ hazırda Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır. 2025-ci ildə Avropa İttifaqının Ermənistanın ümumi xarici ticarətində payı 11,3 faiz təşkil edib. Eyni zamanda, Aİ Ermənistan üçün dördüncü ən böyük ixrac bazarı olub və 2025-ci ildə ölkənin ümumi ixracının 7,9 faizi Avropa İttifaqının payına düşüb”, – o bildirib.
Ekspert əlavə edib ki, Aİ Ermənistanın idxalının 13,5 faizini təmin etməklə ölkənin dünyada üçüncü ən böyük idxal mənbəyidir. Bu rəqəmlər Aİ-nin Ermənistan iqtisadiyyatında onsuz da əhəmiyyətli mövqeyə malik olduğunu göstərdiyi halda, yeni güzəştlərin tətbiqi İrəvana əlavə üstünlüklərin verilməsi və ticarət münasibətlərində seçici yanaşmanın gücləndirilməsi kimi qiymətləndirilə bilər.
Xidmət ticarətində də yüksəliş müşahidə olunur
Ermənistanla Aİ arasında iqtisadi əlaqələr yalnız mal dövriyyəsi ilə məhdudlaşmır. Tərəflər arasında xidmət ticarəti 2023–2024-cü illərdə 20 faiz artıb. 2024-cü ildə bu sahədə ticarət balansı Aİ-nin xeyrinə olub. Bu göstərici iqtisadi münasibətlərin genişlənməsi fonunda Ermənistana əlavə güzəştlərin verilməsinin seçici xarakteri ilə bağlı sualları daha da aktuallaşdırır.
Murad Muradov da iqtisadi əlaqələrin şaxələndiyini diqqətə çatdırıb.
“Təkcə mal ticarəti deyil, xidmətlər sahəsində iqtisadi əlaqələr də genişlənir. Ermənistanla Aİ arasında xidmət ticarəti 2023–2024-cü illərdə 20 faiz artıb və 2024-cü ildə bu sahədə ticarət balansı Avropa İttifaqının xeyrinə olub”, – ekspert bildirib.
Beləliklə, Ermənistanın Avropa ilə iqtisadi əlaqələrinin genişlənməsi yalnız məhsul ixracı ilə məhdudlaşmır. Bunun fonunda İrəvana əlavə ticarət üstünlüklərinin yaradılması Aİ-nin iqtisadi siyasətində siyasi amillərin rolunu daha qabarıq göstərir.
Aİ-nin seçici güzəştləri regionda iqtisadi balansı poza bilər
Aİ ilə uzun illər praqmatik və bərabərhüquqlu iqtisadi münasibətlər quran, regional layihələrə sərmayə yatıran ölkələr eyni imkanlardan yararlanmadığı halda, Ermənistan üçün xüsusi güzəştlərin yaradılması Cənubi Qafqazda rəqabət şərtlərinin qeyri-bərabər formalaşmasına səbəb ola bilər.
Məsələnin digər mübahisəli tərəfi Brüsselin özünün müəyyən etdiyi ticarət və keyfiyyət standartları ilə bağlıdır. Avropa bazarında, xüsusilə qida və kənd təsərrüfatı məhsulları üçün sərt tələblər qüvvədə olduğu halda, geosiyasi amillərin iqtisadi qərarlara təsiri bu prinsiplərin ardıcıl tətbiq olunması ilə bağlı suallar doğurur.
Murad Muradov hesab edir ki, məhz bu məqam Aİ-nin ənənəvi ticarət siyasəti ilə yeni geosiyasi yanaşması arasında ziddiyyət yaradır.
Onun sözlərinə görə, Avropa İttifaqı indiyədək prinsipial və sərt keyfiyyət standartları ilə seçilib və xüsusilə qida və kənd təsərrüfatı məhsullarına münasibətdə çoxsaylı ciddi tələblər tətbiq edir.
“Təbii ki, Ermənistan qısa müddət ərzində həmin prosedur və standartların hamısına, hətta geniş islahatlar aparmaqla belə, tam uyğunlaşa bilməz”, – ekspert bildirib.
Bu baxımdan əsas məsələ güzəştlərin yalnız gömrük və tarif siyasətinə şamil olunması ilə Aİ-nin məhsul təhlükəsizliyi və keyfiyyət standartlarının qorunması arasında yaranan ziddiyyətin necə aradan qaldırılacağıdır.
Ermənistan qərarı digər ölkələr üçün presedent ola bilər
Ermənistan üçün nəzərdə tutulan güzəştlər daha geniş presedent məsələsini də gündəmə gətirir. Aİ üzvü olmayan, lakin Brüssellə yaxşı siyasi münasibətlərə malik digər ölkələr də gələcəkdə oxşar ticarət şərtləri tələb edə bilərlər. Ermənistanın ixrac həcmi Aİ bazarı üçün böyük olmasa da, eyni mexanizmin daha çox ölkəyə tətbiqi vəziyyəti dəyişə bilər.
Murad Muradovun fikrincə, əsas sual Brüsselin belə müraciətlər qarşısında hansı mövqeni tutacağıdır.
“Əgər belə ölkələr özləri üçün oxşar güzəştlər tələb etsələr, Brüssel buna necə cavab verəcək? Ermənistanın ixracının Aİ-nin ümumi bazarı ilə müqayisədə həcmi böyük deyil. 2025-ci ildə Aİ-nin Ermənistanın ixracındakı payının 7,9 faiz olması da bunu göstərir”, – o qeyd edib.
Ekspertin sözlərinə görə, eyni güzəştlərin daha böyük ixrac potensialına malik bir neçə ölkəyə verilməsi Aİ daxilində istehsalçılar üçün rəqabətin artmasına səbəb ola bilər. Bu risk xüsusilə kənd təsərrüfatı və qida sektorunda daha həssas xarakter daşıyır.
Aİ geosiyasi maraqlarla vahid qaydalar arasında seçim qarşısındadır
Ermənistan məsələsi Aİ-nin daha geniş strateji dilemmasını da üzə çıxarır. Brüssel bir tərəfdən geosiyasi oyunçu kimi tərəfdaşlarını dəstəkləmək və Rusiya ilə rəqabətdə mövqelərini gücləndirmək istəyir, digər tərəfdən isə uzun illər ərzində formalaşdırdığı vahid qaydalara, standartlara və bərabər rəqabət prinsiplərinə əsaslanan sistemi qorumağa çalışır.
Murad Muradovun sözlərinə görə, Avropa İttifaqı uzun müddətdir geosiyasi oyunçu olmaqla normativ güc olmaq arasında müəyyən seçim problemi yaşayır.
“Bu dilemma 27 üzv dövlətdən ibarət birlik üçün xüsusilə mürəkkəbdir. Çünki həmin ölkələrin iqtisadi və siyasi maraqları heç də həmişə üst-üstə düşmür. Sərt və şəffaf ümumi qaydaların mövcudluğu indiyədək bu ziddiyyətlərin müəyyən qədər idarə olunmasına imkan verib”, – ekspert bildirib.
Bu səbəbdən Ermənistanla bağlı qərarın əhəmiyyəti yalnız ikitərəfli ticarətlə məhdudlaşmır. Məsələ Aİ-nin xarici siyasət məqsədləri naminə öz iqtisadi prinsiplərindən hansı həddə qədər geri çəkilməyə hazır olduğunu da göstərir.
Güzəştlər Aİ daxilində də narazılıq yarada bilər
Aİ 27 fərqli iqtisadi və siyasi marağa malik dövlətdən ibarətdir. Üçüncü ölkələrə siyasi səbəblərlə verilən güzəştlərin genişləndirilməsi xüsusilə xarici rəqabətə həssas sahələrdə fəaliyyət göstərən Avropa istehsalçıları arasında narazılıq yarada bilər. Bu isə məsələnin yalnız Aİ-nin xarici siyasəti deyil, daxili iqtisadi tarazlığı baxımından da risklər yaratdığını göstərir.
Murad Muradov hesab edir ki, istisnaların çoxalması nəticədə üzv dövlətlərin də milli maraqlarını daha sərt müdafiə etməsinə gətirib çıxara bilər.
“Bu, Aİ daxilində müəyyən narazılıqlara səbəb ola bilər. Ayrı-ayrı üzv dövlətlər öz milli iqtisadi maraqlarını daha açıq şəkildə müdafiə etməyə və analoji istisnalar tələb etməyə başlaya bilərlər”, – ekspert bildirib.
Onun fikrincə, bu proses genişlənərsə, nəticədə Aİ-nin vahid iqtisadi və ticarət siyasətinin qorunması daha mürəkkəb hala gələ bilər. Beləliklə, Ermənistan üçün nəzərdə tutulan güzəştlərin təsiri yalnız İrəvan-Brüssel münasibətləri ilə məhdudlaşmaya, daha geniş regional və institusional problemlər doğura bilər.
Faiq Mahmudov Avropa İttifaqı Ermənistan Aİ-Ermənistan münasibətləri ticarət güzəştləri idxal rüsumları Murad Muradov Rusiya-Ermənistan münasibətləri Cənubi Qafqaz geosiyasi rəqabət Ermənistan ixracıMənbə: apa.az