Bazar ertəsi, 21 Sentyabr, 2026
Tarix: 21 Sep 2026 13:03
Azərbaycanın dünya əhəmiyyətli tarixi-memarlıq abidələrindən biri olan Ramana qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb.
APA xəbər verir ki, “Tarixə açılan pəncərə” konsepsiyası əsasında yaradılan muzeydə qəsrin tarixi və memarlıq xüsusiyyətləri müasir muzey yanaşmaları və rəqəmsal texnologiyalarla təqdim olunur. Layihə çərçivəsində abidənin autentikliyinin qorunmasına xüsusi diqqət yetirilib.
Muzeyin ekspozisiyası Ramana qəsrinin tarixi, Abşeronun orta əsr müdafiə sistemi, hərb sənəti, gündəlik həyat və mədəniyyəti haqqında təsəvvür yaratmaq prinsipi əsasında qurulub. Ekspozisiyanın mühüm hissəsini 2024–2026-cı illərdə qəsrin ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri təşkil edir.
“Seyri-Tarix”, “Seyri-Silah”, “Seyri-Tərz” və “Seyri-Həyat” bölmələrində orta əsr müdafiə sistemi, silahlar, məişət və sənətkarlıq nümunələri, eləcə də feodal-cəngavərin həyat yolu təqdim olunur. Qəsrin müxtəlif dövrlərdəki görünüşünü əks etdirən rekonstruksiya maketləri, tarixi fotoşəkillər və arxiv materialları da ekspozisiyada yer alır.
Ekspozisiyada interaktiv ekranlar, elektron məlumat panelləri, immersiv instalyasiya, animasiya, videoproyeksiya və videomapinq kimi müasir texnologiyalardan istifadə olunub. Məlumatlar Azərbaycan və ingilis dillərində təqdim edilir.
Həmçinin qəsrin dam terrası panoramik müşahidə meydançası kimi ziyarətçilərin istifadəsinə verilib. Burada “Alov” heykəltəraşlıq kompozisiyası yerləşdirilib. Muzeyin ətraf ərazisində giriş meydançası və piyada marşrutları yenilənib, açıq hava ekspozisiyası yaradılıb.
Muzeyin daxili və xarici işıqlandırma sistemi İtaliyanın “Linea Light Group” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Ramana qəsri muzeyi ziyarətçilərə Azərbaycanın qədim tarixini müasir muzey texnologiyaları ilə vəhdətdə tanımaq imkanı yaradır.
İlkin Naib Ramana qəsri Muzey









Mənbə: apa.az