İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq - MÜSAHİBƏ

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq - MÜSAHİBƏ

Tarix: 25 Sep 2026 20:00

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmudun APA İnformasiya Agentliyinə və “Xəzər” televiziya kanalına müsahibəsi

Strukturda təkrarlanan və bir-birinə zidd olan alt qurumlar və şöbələr ləğv olunub

“Xəzər” TV: İllərdir İçərişəhər kimi qədim və tarixi bir abidəni qoruyub saxlamaq nə qədər çətindir? Bu işdə qarşılaşdığınız ən böyük problemlər nələrdir və illər keçdikcə bu çətinliklər dəyişibmi?

– İçərişəhərin əsas gözəlliyi və onu digər tarixi şəhərlərdən fərqləndirən cəhət odur ki, İçərişəhər bu gün də yaşayan şəhərdir. Burada insanlar yaşayır, uşaqlar böyüyür. Burada hər gün işə gələn insanlar var, emalatxanalarda hər kəs öz işini görür, İçərişəhərə hər gün turist gəlir. Bu insanların hər birinin öz maraqları var. Bizim vəzifəmiz burada olan insanlar üçün tarazlaşdırılmış siyasətin aparılmasıdır. İçərişəhərdə yaşayan şəxslər burada sakitliyin olmasını istəyir, heç olmasa uşaqları üçün oyun meydançasının olmasını istəyir, bura gələn ziyarətçi, turist buradan fərüli təəssüratlarla ayrılmasını gözləyir, burada fəaliyyət göstərən iş adamı biznesinin daha genişlənməsini istəyir... Nəticə etibarı ilə biz bunları ayrı-ayrı istiqamətlər üzrə yox, vahid şəkildə şəhər idarəetməsi modelinə yönəlirik. Bu çağırışlara cavab vermək üçün biz ilk olaraq, inzibati struktur islahatları aparmışıq. Bu il ərzində çevik və çox peşəkar komanda formalaşıb, maliyyə intizamı təşkil olunub, strukturda təkrarlanan və bir-birinə zidd olan alt qurumlar və şöbələr ləğv olunub. Bunun nəticələrini maliyyə yekunlarında da görürük. 2025-ci ilin maliyyə auditinin rəyinə əsasən, Qoruq ilk dəfə olaraq, artıq zərərdən mənfəətə keçib. Təbii ki, elə düşünülməsin ki, bizim tək hədəfimiz mənfəəti artırmaqdır. Mənfəətin artması bizim üçün bir vasitədir ki, əlavə vəsaitlər yenə də İçərişəhərə yönəldilir və buranın daha çox inkişaf etdirilməsidir.

Şəhər mühiti ilə bağlı il ərzində bir çox eyvanlar, fasadlar, damlar təmir olunub

APA: Son bir ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qarşıya qoyulan əsas prioritetlər nələr olub və indiyədək onlardan hansıları həyata keçirilib?

– Keçən il komanda olaraq, biz işə başlayanda çox geniş qiymətləndirmə aparmışıq və fəaliyyətimizi 4 əsas istiqamət üzrə müəyyənləşdirmişik. Birinci istiqamət sakinlər və yaşayış mühiti, ikinci istiqamət mədəniyyət, turizm, irs və elmin inkişafı, üçüncü şəhər mühiti - həm infrastruktur, həm abidələr, dördüncü istiqamət isə şəhərin ümumi idarəedilməsi, rəqəmsal həllərin tətbiqi və “ağıllı qoruq” konsepsiyasının tətbiq olunması ilə bağlıdır. Hər bir istiqamət üzrə strategiyalar hazırlanıb və rəqəmlər üzrə hədəflər müəyyənləşdirilib. Bu gün hər bir istiqamət üzrə ciddi irəliləyişlərimiz var. Sakinlərə göstərilən xidməti daha təkmil etmək üçün tərəfimizdən Xidmət Mərkəzi yaradılıb və onların müraciəti daha çevik şəkildə emal olunur, eyni zamanda monitorinq aparılır. İçərişəhərin icmasını daha keyfiyyətli şəkildə təkmilləşdirməsi və onları bir araya gətirməsi üçün İcma Mərkəzi yaradılıb. Burada yaşayan sakinlərin uşaqları üçün oyun meydançası təşkil olunub, ictimai məkanlar formalaşdırılıb. Turizm və mədəniyyətin zənginləşdirilməsi ilə bağlı da çoxsaylı tədbirlər görülüb, yeni muzeylər ərsəyə gətirilib. Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində 3 yeni muzey açılıb, daha 2 muzey yaxın zamanlarda açılacaq. Rəqəmsal telefon tətbiqi istifadəyə verilib, bu tətbiqdə İçərişəhər barədə tam geniş məlumat turistlərin istifadəsinə verilib. Şəhər mühiti ilə bağlı il ərzində bir çox eyvanlar, fasadlar, damlar təmir olunub. Rəqəmsallaşdırma və “ağıllı qoruq” konsepsiyasının bünövrəsi qoyulub, bir çox rəqəmsal platformalar hazırlanıb və istifadəyə verilib.

Qədim qapılar, qədim fasadlar köhnə şəkillərin əsasında bərpa edilib

“Xəzər” TV: İnsanların ən çox müzakirə etdiyi məsələlərdən biri də budur ki, İçərişəhər əvvəlki qədim görünüşünü müəyyən qədər itirib, həddindən artıq müasirləşib. Bu tənqidlə razısınızmı?

– Qismən razıyam. İçərişəhər canlı və dinamik şəhərdir. Aydındır ki, burada daimi olaraq, dəyişikliklər baş verir. Bura bağlı muzey deyil ki, sadəcə konservasiya işlərinin görüldüyünü deyək. Biz köhnə şəkillərə baxsaq, 1930, 1970 və yaxud 1990-cı illərə – şəhərdə çox böyük dəyişikliklər görəcəyik. Sovet vaxtında burada qədimliyi pozan müəyyən binalar tikilib. Amma bu gün həmin binalar var və artıq İçərişəhərin bir simasıdır. Bu, həmin o dövrün izidir və bizim üçün artıq dəyərli binalardır. Ümumi şəhərin mühitini pozan müasir həyat üçün tələb olunan infrastruktur cihazlarıdır – sayğaclar, borular, kondisionerlər, bəzi binaların üzərində olan çənlərdir. Biz buna qarşı biz işlər aparırıq. Son 1 il ərzində 250-ə yaxın antena damlardan demontaj olunub, 200-ə yaxın eyvan təmir olunub, onlardan təxminən 20-si sonradan plastik üzlüklə işlənilmişdi ki, onlar öz tarixi görkəminə geri qaytarılıb. Qədim qapılar, qədim fasadlar köhnə şəkillərin əsasında bərpa edilib və bu iş davam edir. Ona görə sualınıza cavab olaraq, bildirim ki, biz hansı qədim şəhərdən danışırıq və hansı dövrə qayıtmaq istəyirik? Bizim vəzifəmiz odur ki, bundan sonra böyük dəyişikliklər olmasın. Buna qarşı ciddi reqlamentlər tətbiq edirik, əlavə tikililərə icazə vermirik, eyvanların təkrar dəyişdirilməsinə icazə vermirik. Bunların hamısına düzgün nəzarət etmək üçün rəqəmsal kadastr formalaşdırılıb, burada əmlakın tam idarə olunması müasir şəkildə tətbiq olunur.

Binaların tam invertarlaşdırması aparılıb, hazırda pasportlaşdırılması üzərində iş gedir

APA: Hazırda İçərişəhərdə neçə tarixi bina və abidənin bərpaya və ya konservasiyaya ehtiyacı var? İçərişəhərdə yaxın aylarda görəcəyimiz ən böyük dəyişiklik nə olacaq? Və ictimaiyyətə açıqlanmayan, amma üzərində iş gedən yeni layihələr varmı?

– Burada əsas məsələ say deyil, vəziyyətə nəzarət etmək əsasdır. Komandamız tərəfindən binaların tam invertarlaşdırması aparılıb, hazırda pasportlaşdırılması üzərində iş gedir, arxiv məlumatlarla abidələr hamısı rəqəmsal kadastr platformasına yerləşdirilir. Yaxın zamanlarda biz bu işləri tam bitirəcəyik. Həm say, həm də binaların tam vəziyyəti barədə artıq bizdə məlumat olacaq. Onun əsasında prioritetləşdirmə işləri aparılacaq. Çünki tarixi irsin qorunması dövlətin əsas prioritet istiqamətlərindən biridir. İçərişəhərdə aparılan bərpa və restavrasiya işləri Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarəti altındadır. Son illər ərzində İçərişəhərdə yerləşən bir çox abidələr əsaslı şəkildə bərpa olunub, o cümlədən Qız Qalası, Şirvanşahlar sarayı. Keçən il Buxara və Multanı karvansaraylarının bərpası həyata keçirildi. Bu il isə Bakıda “Yaşıl Aptek” kimi tanınan – Qasımbəy hamamının bərpasına başlanıb. Onu qeyd etmək lazımdır ki, bu abidələrin bərpası sadəcə fiziki işlə bitmir. Burada önəmli olan iş həmin abidənin şəhərin həyatına qaytarılmasıdır. Buxara və Multanı karvansarayları uzun müddət restoran kimi fəaliyyət göstərsə də, bərpadan sonra fərqli funksiya ilə onları şəhər həyatına qaytardıq. Həmin karvansaraylar bu gün sənətkarlıq bazarı kimi fəaliyyət göstərir. Azərbaycanda bir çox sənətkarlar var ki, artıq öz əl işlərini İçərişəhərdə nümayiş etdirə bilir, qonaqlara, turistlərə bunları sata bilərlər.

Qala divarının artıq 20%-ə yaxın hissəsində əsaslı bərpa işləri aparılıb

“Xəzər” TV: İçərişəhərin qala divarları tarix boyu düşmən hücumlarına, mühasirələrə və hətta dağıdılma cəhdlərinə tab gətirib. Qala divarının bir hissəsinin uçması ilə bağlı xəbərlər yayılanda cəmiyyətdə belə bir sual yarandı ki, əsrlərdir müxtəlif təbii təsirlərə tab gətirən tarixi qala divarı necə oldu ki, yağışdan sonra uçdu?

– Qeyd etdiyiniz kimi bu qala divarları əsrlər boyu bir çox təsirlərə məruz qalıb. Yəni bu qala divarları sadəcə bir günün şiddətli yağışından sonra çökə bilməzdi. Hadisədən dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin və Azərdövlətsənaye Layihə Baş Layihə İnstitutunun mütəxəssisləri baxış keçirdi. Onlar tərəfindən təqdim olunmuş rəyə əsasən, 13-cü və 14-cü bürclərin arasında qalanın bir hissəsində birləşdirici məhlul aşınaraq, xarici divarda qabarlanma baş verib və çöküb. Bu onu göstərir ki, əsas səbəb məhluldur. Həmin gün yağışın yağması ya təsadüfdür, ya da bu prosesin sürətlənməsinə təkan verib. Qala divarının uzunluğu təxminən 1 km-dir. Onun artıq 20%-ə yaxın hissəsində əsaslı bərpa işləri aparılıb və bu işlər davam edir. Bu o demək deyil ki, divarlar tam şəkildə yenidən bərpa olunmalıdır. Tərəfimizdən qala divarlarında yenə də daimi olaraq, monitorinqlər aparılır. Çünki qala divarlarının uçması bizim üçün siqnal oldu. Məsələyə müdaxilə artıq hadisə baş verəndən sonra deyil, zamanında müvafiq tədbirlər görmək lazımdır.

Sovet vaxtında bərpa zamanı materiala çox diqqət edilmirdi, hazır daşlardan istifadə edilirdi

APA: Son bir ildə İçərişəhərdə tarixi binalarda qanunsuz müdaxilə, fasadın dəyişdirilməsi, əlavə tikili və ya rekonstruksiya halları ilə bağlı neçə belə hal aşkarlanıb və hansı tədbirlər görülüb? Ümumiyyətlə tarixi tikililərin bərpası zamanı onların ilkin memarlıq xüsusiyyətlərinin və materiallarının qorunmasına necə nəzarət edilir?

– İçərişəhərdə bu proseslərə çox ciddi nəzarət olunur. Mən birmənalı deyə bilərəm ki, son 1 ildə ciddi pozuntu aşkarlanmayıb. Hansısa xırda hallar baş verə bilər – icazəsiz reklam lövhələrinin yerləşdirilməsi, hansısa pəncərənin dəyişdiriməsi və s. Burada yaşayan sakinlər və fəaliyyət göstərən sahibkarlar artıq kifayət qədər məsuliyyətlidir. Bərpa işləri də fərqli olur. Qala divarına, Qız Qalasına baxsaq, bəzi hallarda “mişar daşları”na rast gəlirik. Bu, artıq əvvəlki bərpa işlərinin izləridir. Sovet vaxtında bərpa zamanı materiala çox diqqət edilmirdi, hazır daşlardan istifadə edilirdi. Bu da tam görünür. Restavrasiya o demək deyil ki, bunu yeniləməliyik, əksinə bunun tam autentikliyini (orijinallığını) qorumalı və saxlamalıyıq. Bu gün aparılan bərpa işlərində istifadə olunan materiallar çox həssaslıqla seçilir. Bərpa zamanı istifadə olunan məhlul və daşlar orjinala maksimum yaxın olan materiallardır.

İçərişəhərdə siqnallardan istifadə ümumi mühiti pozan amillərdəndir, bunun üzərində də işləyirik

“Xəzər” TV: İçərişəhərə giriş-çıxışla bağlı, xüsusilə gündəlik ərzaq və digər məişət ehtiyaclarının təminatı baxımından sakinlər və burada çalışanlar üçün müəyyən çətinliklərin olduğu bildirilir. Bu məsələnin həlli ilə bağlı hər hansı yeni tənzimləmə nəzərdə tutulurmu, yoxsa gələcəkdə giriş-çıxış məhdudiyyətlərinin daha da sərtləşdirilməsi planlaşdırılır?

– İçərişəhərdə yaşamağın nə qədər çox üstünlüyü olsa da, müəyyən çətinlikləri də var. Onlardan biri də giriş-çıxışla bağlı qaydalardır. Bu mövzu bəlkə də ən çox müzakirə olunanlardandır. Söhbət giriş-çıxışın tam məhdudlaşdırılmasından getmir. Dünya təcrübəsində biz görürük ki, hansı şəhərlərdə maşınların giriş-çıxışına tam qadağa qoyulursa, sakinlər və sahibkarlar üçün həyat daha da çətinləşir. Bunun üçün bizim yanaşmamız İçərişəhərə maşınların düzgün tənzimləmə əsasında daxil olmasıdır. 1 il ərzində bu istiqamətdə çox böyük işlər görülüb. İlk olaraq, İçərişəhərə giriş-çıxış tam avtomatlaşdırılıb, girişdə ikizolaqlı giriş təşkil olunub ki, bu zolaqların biri sakinləri, digəri isə qonaqlar üçün nəzərdə tutulub. Qonaqlar üçün girişin maksimum limiti müəyyənləşdirilib, ödəniş prosedurları sadələşdirilib və ilk dəfə Azərbaycanda yerində ödəniş imkanı təqdim olunub. Eyni zamanda ərazidə parklanma yerləri işarələnib və Dövlət Yol Polisi İdarəsi ilə birgə daimi olaraq monitorinq aparılır. Tam əminliklə deyə bilərik ki, bu gün nəqliyyat sistemi tam nəzarətə götürülüb və təşkil olunub. Burada sürücülərdən də asılı olan nüanslar var. Çox ciddi sürət limiti müəyyən edilib. Həmçinin, İçərişəhərdə siqnallardan istifadə ümumi mühiti pozan amillərdəndir. Bunun üzərində də işləyirik. Növbəti addımlarda da bu sistemin daha da təkmilləşdirilməsi, “ağıllı kamera”ların quraşdırılması və bunun köməyi ilə ümumi hərəkətin daha təkmil şəkildə idarə olunmasını hədəfləyirik.

APA: Abidələrin vəziyyətinin monitorinqi necə aparılır? Hər bir tarixi tikilinin texniki vəziyyətini, görülən müdaxilələri və riskləri əks etdirən vahid rəqəmsal reyestr mövcuddurmu?

– İçərişəhərin ərazisində bir çox abidələr var. Onların vəziyyətinə nəzarət etmək və monitorinq aparmaq Qoruq İdarəsinin öhdəliklərindən biridir. Bu gün monitorinq vizual baxışla aparılır. Doğrudur, bu yanaşma bizi qane etmir. Bu gün artıq müasir texnologiyalar - 3D skanlaşma, dron çəkilişləri var. Həmçinin abidələrdə həm nəmliyi, həm də çatların hərəkətini qeydə alan müxtəlif sensorlar var. Təbii ki, biz də bu texnologiyaların tətbiqində maraqlıyıq və özümüz üçün də hədəfləri müəyyənləşdirmişik. Bunun üçün həm investisiya yatırılmalıdır, eyni zamanda texnologiyalar alınmalıdır və ona uyğun mütəxəssislər hazırlanmalıdır. Bu bizim strateji hədəflərdən biridir.

Bizdə standart icarə müqaviləsi 11 aylıqdır

“Xəzər” TV: İçərişəhərdə fəaliyyət göstərən bəzi restoran və iaşə obyektlərinin icarə müqavilələrinin 6 aylıq müddətə bağlanmasından narazılıq ifadə olunur. Bu qərarın səbəbi nədir və niyə məhz 6 aylıq müqavilə müddəti müəyyənləşdirilib? Restoran və digər sahibkarlar bildirirlər ki, 6 aylıq müqavilə onlara uzunmüddətli fəaliyyət planı qurmağa imkan vermir. Müqavilə müddətinin uzadılması məsələsinə baxıla bilərmi?

– Məlumat tam dəqiq deyil. Bizdə standart icarə müqaviləsi 11 aylıqdır. Əgər sahibkar həmin obyektə əlavə investisiya yatırarsa, o vəsait qeydə alınıb və onun geridönüş müddəti hesablanaraq müqavilə imzalanılır. Əgər sahibkar icarə müqaviləsində göstərilmiş öhdəlikləri yerinə yetirməzsə, - icra haqqını vaxtında ödəməzsə, xidməti yaxşı səviyyədə göstərməzsə, onun haqqında narazılıqlar səsləndirilərsə, sanitar normalara riayət olunmazsa, həmin sahibkara xəbərdarlıq məqsədilə onunla növbəti müqavilə 6 aylıq imzalanır. Bu müddət ərzində həmin nöqsanlar aradan qaldırılmalıdır. Nöqsanlar 6 ay müddətinə də aradan götürülmürsə, onda həmin sahibkarla müqavilənin müddəti uzadılmır. Bu, cəza deyil, sahibkara nöqsanları aradan qaldırmaq üçün verilən müddət və məsuliyyət mexanizmidir.

İçərişəhər UNESCO tərəfindən model kimi təqdim olundu

APA: UNESCO İçərişəhərin tarixi mühitinin ətrafdakı yeni tikililərin vizual təsirinə həssas olduğunu qeyd edir. Hazırda UNESCO statusuna mənfi təsir göstərə biləcək hansı riskləri görürsünüz?

– Bildiyiniz İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə 2000-ci ilin dekabrında UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Keçən il biz bu möhtəşəm tarixin 25 illiyini qeyd etmişik. Bu 25 il ərzində İçərişəhərdə bir çox qaydalar hazırlanıb, UNESCO-nun tələblərinə uyğun işlər görülüb. Risklər hər zaman var, biz tələblərə uyğun fəaliyyətimizi qurmalıyıq. Son müddət ərzində bizə qarşı hansısa irad səslənməyib. Hazırda UNESCO statusuna birbaşa təhlükə yaradan kritik risk görülmür, lakin tarixi siluet, autentiklik, bufer zona və şəhər mühitinin qorunması daim diqqətdə saxlanılmalıdır. Bu yaxınlarda UNESCO-dan yüksək rütbəli bir şəxs İçərişəhərdə qonaq olmuşdu, biz ona sadəcə bərpa olunan, təmir işləri görülən əraziləri deyil, eyni zamanda sakinlər üçün gördüyümüz işləri göstərdik. Bir müddət sonra UNESCO-nun nüfuzlu "World Heritage"də (Dünya İrsi) 5 şəhər sırasında İçərişəhər də göstərildi. Bizim İçərişəhərimiz UNESCO tərəfindən model kimi təqdim olundu. Amma bu o demək deyil ki, bu daimidir, bunu qorumaq üçün biz qaydalara riayət etməliyik. Çünki UNESCO-nun tələbləri tarixi abidələrin qorunması deyil, eyni zamanda şəhər mühitinin qorunmasıdır. Bu da bizim siyasətimizin əsas istiqamətlərindən biridir. UNESCO ilə əməkdaşlıq davam etdirilir. UNESCO statusu sadəcə titul deyil, daimi məsuliyyətdir.

Müəyyən tunellərin başlanğıc nöqtələri bəllidir

“Xəzər” TV: İçərişəhərdə yeraltı yolların və tunellərin olması ilə bağlı müxtəlif məlumatlar var. Bu günə qədər həmin tunellərlə bağlı hər hansı arxeoloji axtarışlar aparılıbmı?

– Bu rəvayətlər hər zaman olub. Mən özüm İçərişəhərdə böyümüşəm və hər zaman yeraltı tunelləri və yolları axtarırdıq. Amma həqiqətən müəyyən tunellərin başlanğıc nöqtələri bəllidir. Amma bunun hansısa yeraltı şəbəkə yaxud xəritəsi olmasının elmi əsası yoxdur. Yəni İçərişəhərdə müəyyən yeraltı keçid və girişlərin mövcudluğu məlumdur, lakin onların vahid tunel şəbəkəsi təşkil etdiyini elmi əsaslarla söyləmək mümkün deyil.

Bu gün tərəfimizdən başqa bir tədqiqat aparılır. Belə ki, Əliağa Vahid abidəsinin arxasında qədim ovdan var. Orada biz tədqiqatlar aparmışıq, mütəxəssisləri və dalğıcları da dəvət etmişik. Yerin altında çox maraqlı tikili aşkarlanıb. Həmin ovdanda olan su yoxlanılıb və içməyə yararlı olduğuna dair rəy verilib. Hazırda həmin ovdanda ölçmə işləri aparılır və onun ictimaiyyətə açıqlanması, turistlərin ziyarət imkanları araşdırılır.

Bu ərazidə heç bir hündürmərtəbəli tikililər olmayıb

APA: İçərişəhərin bufer zonasında və ona yaxın ərazilərdə çoxmərtəbəli tikililərlə bağlı qərarlar verilərkən Qoruq İdarəsinin rəyi nə dərəcədə həlledicidir? Razılaşdırılmayan layihənin qarşısını almaq imkanınız varmı?

– Abidələrin mütləq qaydada bufer zonası olur. İçərişəhərin mühafizə — bufer zonası Nazirlər Kabinetinin 25 may 2009-cu il tarixli 85 nömrəli qərarı ilə müəyyən edilib. Həmin bufer zona İçərişəhər divarlarına müəyyən məsafədə perimetr üzrə formalaşıb. Bu ərazidə heç bir hündürmərtəbəli tikililər olmayıb və inanıram ki, heç vaxt olmayacaq. Bufer zonada yerləşən tikililərdə hər hansı təmir işləri aparılanda mütləq qaydada Qoruq İdarəsinin rəyi alınır. Bu tələb, həmçinin, həmin ərazidə reklam lövhələrinin quraşdırılmasına da aiddir. Əsas prinsip İçərişəhərin tarixi siluetinin və vizual bütövlüyünün qorunmasıdır.

Məqsəd bütün ərazini avtomobillər üçün bağlamaq deyil

“Xəzər” TV: İçərişəhərdə bəzi küçələrin tamamilə piyadalar üçün ayrılması gündəmdədirmi? Əgər belə bir plan varsa, söhbət hansı küçələrdən gedir?

– İçərişəhərdə ümumi yol şəbəkəsi 7,5 kilometrdir. Bunun təxmini yarısı elə piyada yollarıdır. Bu gün maşınlar üçün əsas istifadə olunan yollar daxili perimetr üzrə olan yollardır. Onların bağlanmaması şəhərin canlı qalması üçün mütləqdir. Amma piyadalar üçün daha çox imkanlar yaradılır, daha rahat piyada zonaları təşkil olunur. Eyni zamanda inklüziv yolların da tikintisi bizim planımızda var. Bu gün artıq Qız qalasına çatan və Neftçilər prospektindən başlayan yol inklüziv yol olaraq təşkil olunub və bunun davam etdirilməsi planlaşdırılır. Məqsəd bütün ərazini avtomobillər üçün bağlamaq deyil, sakinlərin ehtiyaclarını nəzərə alan düzgün piyadalaşdırma modelidir.

APA: UNESCO sənədlərində İçərişəhərin konservasiya və idarəetmə planlarının davamlı tətbiqi xüsusi vurğulanır. Hazırda İçərişəhərin uzunmüddətli idarəetmə və konservasiya planı hansı mərhələdədir və sonuncu dəfə nə vaxt yenilənib?

– Hər iki plan mövcuddur. Konservasiya planının yenilənməsinə zərurət yoxdur, çünki bu sabit sənəd olaraq qalır. Amma idarəetmə planında daimi olaraq yeniliklər baş verir. Yeni risklər, texnologiyalar və şəhərin dəyişən ehtiyacları idarəetmə alətlərinin daim yenilənməsini tələb edir. İçərişəhər canlı şəhərdir və hər dövrün öz çağırışları var. Bu çağırışlara cavab vermək üçün fərqli yanaşmalar tətbiq olunur. Şəhər idarəedilməsi tamamilə başqa yanaşma tələb edir. İdarəetmə planında daimi yeniliklər olmalıdır. Çünki şəhər dəyişir, zaman dəyişir, şəhərdə yaşayan sakinlərin gözləntiləri və tələbləri də dəyişir və şəhərin inzibati orqanı həmin tələblərə cavab verməlidir. Ona görə də sakinlərə, rezidentlərə, turistlərə göstərilən xidmətlərin daha yeni şəkildə təqdim olunması üçün daim rəqəmsal həllər, yeni planlar təqdim edirik.

İçərişəhərdə əmlakların hamısı dövlətin balansında deyil, əksinə əksəriyyəti özəl mülkdür

“Xəzər” TV: Qoruq ərazisində dövlətə məxsus kommersiya sahələrinin icarəyə verilməsi hansı prinsiplərlə həyata keçirilir? Bu prosesdə açıq müsabiqə və icarə haqları barədə məlumatların ictimaiyyət üçün daha şəffaf təqdim olunması nəzərdə tutulurmu?

– İçərişəhərdə əmlakların hamısı dövlətin balansında deyil, əksinə əksəriyyəti özəl mülkdür. İçərişəhərin idarəetməsində olan əmlakların böyük hissəsi artıq illərdir formalaşmış obyektlərdir. Yeni hansısa yerin açılmasında, yaxud boşalmış yerlərin yeni sahibkarlara verilməsi zamanı təkliflər toplanır və ən uyğun təklif əsasında sahibkarla müqavilə imzalanır. Burada uyğun təklif dedikdə biz yalnız yüksək icarə haqqını nəzərdə tutmuruq. Məqsəd hər kvadratmetrdən maksimum gəlir deyil, İçərişəhər üçün maksimum dəyər yaratmaqdır. Bəzi boşalan sahələr kommersiya məqsədilə deyil, sənətkarlıq və sosial-mədəni layihələr üçün ayrılır. Məsələn, İçərişəhərdə bir neçə ay bundan öncə inzibati binalardan biri boşaldılmışdı və biz həmin yeri artıq sahibkarlara yox, sosial layihə olaraq, sənətkarlara verdik. Burada rəssam, xəttat, uşaq inkişaf mərkəzi yerləşir. Şərtlərimiz də elə oldu ki, həmin məkanı istifadə edib, əvəzində İçərişəhərdə sosial layihələrin keçirilməsini öz öhdəliklərinə götürürlər. Bu kimi yanaşmalarımız var. Biz şəhər idarəetməsində tam şəffaf modelə keçid alırıq. Hesabat görüşümüz olub, sakinlərə və bütün maraqlı tərəflərə öz hesabatımızı təqdim etmişik. Həmin hesabatın dərc edilərək yayılması nəzərdə tutulub. Orada həm gəlirlər, həm də Qoruq İdarəsi tərəfindən xərclənən vəsaitlər də göstəriləcək.

APA: Bakının Baş Planı təsdiqlənib. İçərişəhərlə bağlı hər hansı dəyişiklik gözlənilirmi?

– Bakının Baş Planı mənim kənardan tanıdığım sənəd deyil, onun hazırlanması layihəsinə rəhbərlik etmişəm və bir çox nüanslara bələdəm. 2022-ci ildə Bakının Baş Planı dünyanın ən yaxşı planlaşdırma sənədlərindən biri kimi tanınıb. Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş Baş Planı sadəcə zonalaşdırma və sıxlaşdırmanı nəzərdə tutmur, eyni zamanda özündə iqtisadi modeli də əks etdirir. Yəni Bakının gələcək iqtisadi modelində yaradıcılıq sənayesi çox böyük yer tutur. Yaradıcılıq sənayesinin inkişafı üçün müvafiq klastrların formalaşdırılması çox önəmlidir. İçərişəhər sənətkarların, muzeylərin, qalereyaların və yaradıcı fəaliyyətlərin cəmləşdiyi təbii mədəni klasterdir. Bizim də məqsədimiz Baş Plana uyğun olaraq, bu ərazinin inkişaf etdirilməsidir. Bunun üçün tərəfimizdən çox böyük işlər görülür: tədbirlər təşkil olunur, sənətkarlar üçün emalatxanaların təşkilində dəstək oluruq və s. Biz inanırıq ki, İçərişəhər həm Baş Planın bu baxımdan reallaşmasına töhfə verəcək, eyni zamanda şəhərin və ölkənin iqtisadiyyatının inkişafına təkan verəcək.

Ziyarətçilərin dəqiq sayını demək çətindir

“Xəzər” TV: İçərişəhərə ildə nə qədər yerli və xarici turist gəlir? Son illərdə turist sayında hansı dəyişiklik müşahidə olunur və ərazinin gündəlik turist qəbulunun təhlükəsiz yuxarı həddi hesablanıbmı?

– İçərişəhər bağlı məkan olmadığına görə burada ziyarətçilərin dəqiq sayını demək çətindir. Dünyada elə muzeylər, elə məkanlar var ki, insanların girişi turniketlərlə həyata keçirildiyi üçün sayı müəyyən etmək çox asandır. Amma İçərişəhərdə sakinlər, çalışanlar var. Bizim üçün ən dəqiq məlumat verən göstərici muzeylərdə satılan biletlərdir. Satılan biletlərdən artım dinamikasını görürük. Ay ərzində muzeylərə təxminən 70 minə yaxın bilet satılır ki, onlardan 70%-ni əcnəbi turistlər, 30%-ni isə yerli vətəndaşlarımız alır. Biz başqa mənbələrdən də bu statistikaya baxırıq. Ən pik vaxtlarda – festivallarda, tədbirlərdə gün ərzində 20-30 minə qədər ziyarətçi İçərişəhərə gələ bilər. Bunun maksimum limiti bizim üçün hələ kritik nöqtədə deyil. Dünyada elə şəhərlər var ki, orada maksimum limit müəyyən edilib. Məsələn, Pekinin mərkəzində yerləşən və "Köhnə şəhər" kimi tanınan tarixi Qadağan Olunmuş Şəhər (Gugong) kompleksinə abidələrin qorunması, təhlükəsizlik və turist sıxlığının idarə olunması məqsədilə günlük maksimum 80 min ziyarətçi limiti tətbiq edilir. Bu gün biz o riski görmədiyimiz üçün limit üzərində çalışmağa başlamamışıq. Bizim üçün əsas hədəf ziyarətçilərin sayı deyil, onlar üçün unudulmaz emosiyaların yaradılmasıdır. Ona görə də tərəfimizdən yeni yanaşmalar düşünülür, yeni muzeylərin ərsəyə gətirilməsi üçün iş aparılır. İçərişəhərdə bu il ərzində 3 yeni muzey açılıb. Bunlar Numizmatika Muzeyi, Miniatür Sənət muzeyi və İçərişəhər haqqında ilkin məlumat verən “Qapıdan içəri” adlanan muzeydir. Eyni zamanda özəl şirkətlə tərəfdaşlıq çərçivəsində Bakı İllüziya Muzeyi yaradılıb. O da fərqli ziyarətçilərin cəlb olunmasına təkan verib. Bu siyasətin davam etdirilməsində maraqlıyıq, yeni konsepsiyalar işlənilir. Biz inanırıq ki, turistlər üçün İçərişəhəri ziyarət etmək daha da maraqlı olacaq.

Ziyarətçilər 1919-cu ilin Bakısına səyahət edə biləcək

APA: İçərişəhərdə turizm xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hansı yeniliklər planlaşdırılır? Vahid elektron bilet, mobil tətbiq, rəqəmsal bələdçi, AR/VR və turist axınının real vaxtda idarə olunması kimi layihələr gündəmdədirmi?

– Müasir turistin gözləntiləri tam fərqlidir. Onlar sadəcə gəlib divarlara baxmaqla kifayətlənmir. İlk olaraq, bu sahədə gördüyümüz iş İçərişəhərlə bağlı mobil tətbiqin istifadəyə verilməsi oldu. Bu gün həmin tətbiqlə turistlər İçərişəhər haqqında tam məlumat əldə edə bilərlər. Digər önəmli məsələ İçərişəhərin naviqasiyasıdır. Əvvəllər turistlər bu məsələ ilə bağlı çox böyük çətinliklər yaşayırdılar, amma artıq çox rahat şəkildə telefon tətbiqi ilə marşrutu müəyyənləşdirmək olur. Bununla kifayətlənmirik. Daha öncə adlarını qeyd etdiyim muzeylərin əksəriyyəti rəqəmsal ekspozisiya ilə seçiləcək. Eyni zamanda fərqli bələdçi təklifləri də hazırlanır. Hazırda 7 dildə mətnlər hazırlanır ki, bu, həm telefon tətbiqi üzərindən, həm də başqa vasitələrlə istifadəyə veriləcək. Bu yaxınlarda daha bir muzeyin açılışı gözlənilir. Bu, “Bakı 1919” muzeyi olacaq. Həmin muzeydə VR (virtual reallıq) eynəkləri ilə ziyarətçilər 1919-cu ilin Bakısına səyahət edə biləcək. İnanıram ki, bu, bizim ziyarətçilər üçün inanılmaz təcrübə olacaq.

“Xəzər” TV: İçərişəhərdə keçirilən festivallar, sərgilər və digər kütləvi tədbirlərin effektivliyi necə ölçülür? Məqsəd sadəcə ziyarətçi sayını artırmaqdır, yoxsa beynəlxalq turizm bazarında ayrıca “İçərişəhər” brendinin formalaşdırılması?

– Son müddət ərzində İçərişəhərdə tədbirlər proqramı xeyli genişlənib. Demək olar ki, hər həftəsonu İçərişəhərdə hansısa tədbirlər təşkil olunur. Bu, artıq müəyyən brendə çevrilib. Bu, sözsüz ki, qonaqların cəlb edilməsində çox ciddi amildir. Amma bizim hədəfimiz tədbirlərin və qonaqların sayını artırmaq deyil, onun kontentini, məzmununu zəngin etmək, Azərbaycanın mədəniyyətini təbliğ etməkdir. Biz bunu ancaq Azərbaycanda olan turistlərə yönəltmirik, bunun xaricdəki tərəfdaşlarımızla, digər partnyorlarımızla birlikdə öncədən reklamını edirik ki, Azərbaycana yeni turistlərin cəlb olunmasına təkan verək. Strateji məqsəd İçərişəhəri yalnız turizm məkanı kimi deyil, Bakının canlı mədəniyyət mərkəzi və güclü beynəlxalq brendi kimi inkişaf etdirməkdir.

İçərişəhərə gələn adam bura məftun olmaya bilməz

“Xəzər” TV: İçərişəhərə pik dövrdə təxminən 30-40 min ziyarətçinin gəlməsi faktını qeyd etdiniz. İçərişəhərə bu qədər marağın səbəbi nədir?

– Mənə elə gəlir ki, İçərişəhərə gələn adam bura məftun olmaya bilməz. Burada şəhərin öz enerjisi var və hər ziyarətçi özünə uyğun nələrisə tapa bilər. Burada kimsə Şərq mədəniyyəti görür, kimsə müxtəlif memarlıq üslublarının estetikasını hiss edir, kimsə küçələrdə gəzəndə elə uşaq səsindən zövq alır. Mənim üçün İçərişəhər çox doğmadır, uşaqlığım, cavanlığım burada keçib. Mən gəncliyimi burada keçirmişəm və burada işləmək mənim üçün böyük şərəfdir. Ona görə də İçərişəhərlə bağlı hər məsələ mənim üçün həm çox şəxsi, həm də çox emosionaldır. Bu emosiyaları ziyarətçilərdə görəndə mən çox sevinirəm. Bəzən turistlərin İçərişəhəri digər şəhərlərlə müqayisə etdiyini eşidirəm. Onlar daha çox Dubrovnik kimi, İtaliyanın məşhur tarixi şəhərləri kimi çox gözəl şəhərlərlə İçərişəhəri müqayisə edirlər. Amma bəzi şəhərlərdə tarixi məkan artıq sadəcə açıq hava altında ziyarət edilən bir muzeyə çevrilib. İnsanlar gəlir, qədim küçələrə baxır, bir neçə saat keçirir və gedirlər.

İçərişəhərin isə əsas gözəlliyi ondadır ki, burada həyat davam edir. Burada uşaqlar oynayır, insanlar yaşayır, işləyir, gündəlik həyatlarını sürürlər. Məhz bu canlılıq, bu enerji İçərişəhəri sadəcə tarixi abidə deyil, yaşayan bir şəhər edir.

Mən hesab edirəm ki, bu canlılığı qorumaq və gələcək nəsillərə çatdırmaq bizim ən böyük vəzifələrimizdən biridir. Çünki İçərişəhəri qorumaq yalnız daş divarları, qədim binaları qorumaq deyil. Burada yaşayan həyatı, ruhu və enerjini qorumaqdır.

Hətta deyərdim ki, bunu qoruyub yaşatmaq bizim vətən qarşısında borcumuzdur.

Firuzə Vahid İçərişəhər Bakı İçərişəhər İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu Rüfət Mahmud APA TV APA xəbər Bakı tarixi Azərbaycan tarixi Qız qalası Şirvanşahlar sarayı UNESCO Azərbaycan UNESCO World Heritage Bakı turizmi Azərbaycan turizmi Bakı şəhəri Bakı xəbərləri Azərbaycan xəbərləri tarixi abidələr mədəni irs milli irs qədim Bakı Bakı 1919 smart city ağıllı şəhər rəqəmsal şəhər turizm inkişafı Azərbaycan mədəniyyəti Bakı memarlığı tarixi şəhərlər CEO müsahibəsi idarəetmə şəhər idarəçiliyi sosial layihələr

Mənbə: apa.az

Xəbər Lenti