Çərşənbə axşamı, 20 Oktyabr, 2026
Tarix: 20 Oct 2026 11:28
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) və “Şahdəniz” yatağından daxilolmalar 7135,7 mln. manat olub, bu da illik müqayisədə 3,7% çoxdur.
Bu barədə “APA-Economics” Fondun rəsmi məlumatına istinadən xəbər verir.
Xatırladaq ki, örən ilin yanvar-sentyabr aylarında qeyd olunan göstərici 6 880,9 mln. manat səviyyəsində olub.
Fond bildirir ki, hesabat dövründə ARDNF-yə AÇG yatağından 6 570,6 mln. manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 565,1 mln. manat məbləğində vəsait daxil olub.
Məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ARDNF-nin büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 milyard 628 milyon manat transfert edilib.
Hesabat dövründə icrası davam edən layihələrə isə ümumilikdə 27,7 milyon manat vəsait yönəldilib. Bunun 3,6 milyon manatı “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, 21,9 milyon manatı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə, 2,2 milyon manatı isə beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinə sərf olunub.
Qeyd olunan dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 25,5 milyon manat təşkil edib.
Bundan əlavə, hesabat dövründə qızılın qiymətinin və valyuta məzənnələrinin dəyişməsi nəticəsində Fondun büdcədənkənar xərcləri 1 milyard 874 milyon manat olub.
“2026-cı ilin üçüncü rübü ərzində davam edən geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasət ilə bağlı gözləntilər bütün əsas aktiv siniflərinə təsir göstərməkdə davam etdiyindən qlobal maliyyə bazarlarında volatillik yüksək olaraq qalmışdır. Rüb ərzində müşahidə olunan volatilliyə baxmayaraq, qlobal səhm bazarlarında müsbət gəlirlilik qeydə alınmış, dövlət istiqrazları bazarları isə gəlirlilik dərəcələrinin yüksəlməsi fonunda təzyiq altında olmuşdur. Enerji qiymətlərinin artımının təsiri ilə əmtəə bazarlarında əhəmiyyətli yüksəliş müşahidə edilmiş, qızılın qiyməti isə yüksək volatillik nümayiş etdirərək rübün sonuna doğru zəifləyib”, - Fond qeyd edir.
Emil İsmayılov ARDNF AÇG ŞahdənizMənbə: apa.az