Bazar, 1 Noyabr, 2026
Tarix: 01 Nov 2026 16:01
Yəmənin şimalındakı Əl-Cəvf əyalətinin mərkəzi Əl-Həzm şəhərinin şərqindəki hərbi mövqelər və strateji yüksəkliklər hökumət qüvvələrinin nəzarətinə keçib.
“Al Jazeera“-nin xəbərinə görə, bu barədə Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökuməti məlumat yayıb.
Bu arada, mühasirədə olan Təiz şəhərində davam edən döyüşlər humanitar böhranı daha da dərinləşdirir.
Husilər isə öz növbəsində Əl-Cəvf və qonşu Məarib əyalətlərində hökumət qüvvələrinin irəliləyişinin qarşısını aldıqlarını bəyan ediblər.
Əl-Cəvf Səudiyyə Ərəbistanı ilə həmsərhəddir və husilərin nəzarətində olan Səna və Səədə əyalətlərinin yaxınlığında yerləşir. Bu amil əyaləti hökumətin itirilmiş əraziləri geri qaytarmaq kampaniyasında mühüm strateji cəbhəyə çevirir. Döyüşlər oktyabr ayında başladılan “Yəmənin şəfəqi” əməliyyatının tərkib hissəsidir. Əməliyyat husilərin əldə etdiyi üstünlükləri aradan qaldırmaq və 2014-cü ildə Səna şəhərini ələ keçirən qruplaşmanın nəzarətində olan ərazilərdə hökumətin hakimiyyətini bərpa etmək məqsədi daşıyır.
Yəmənin cənubundakı Təiz şəhəri ətrafında da döyüşlər davam edir. Hökumət qüvvələri şəhərin cənub-şərqində yerləşən Əl-Əqroud bölgəsində, eləcə də qonşu Ləhic əyalətindəki Tur əl-Baha cəbhəsində husilərin hücumlarının dəf edildiyini bildiriblər.
Bu arada, husilərlə əlaqəli media orqanları Əl-Hudeydə əyalətinin Bəcil rayonunda neft şirkətinə məxsus obyektin iki hava zərbəsinə məruz qaldığını xəbər verib.
Yəmən Əl-Cəvf əyaləti husilarMənbə: apa.az