Cümə, 6 Noyabr, 2026
Tarix: 06 Nov 2026 21:51
Almaniya kansleri və Xristian-Demokrat İttifaqının (XDİ) sədri Fridrix Merts Bavariya parlamentinin sədri İlze Aignerin ölkə prezidenti vəzifəsinə namizədliyini rəsmən irəli sürməyi planlaşdırır.
APA xəbər verir ki, DPA agentliyinin məlumatına görə, Merts bu barədə partiyanın noyabrın 8-9-da Berlində keçiriləcək iclaslarında rəhbər orqanlara məlumat verəcək.
Məlumata görə, Aignerin namizədliyi Xristian-Sosial İttifaqı (XSİ) tərəfindən dəstəklənib. Sosial-Demokrat Partiyasının (SDP) həmsədri Lars Klinqbayl da Mertsin bu namizədliyi rəsmən irəli sürəcəyi təqdirdə partiyasının onu tam dəstəkləyəcəyini bildirib. O, Aignerin cəmiyyəti birləşdirmək qabiliyyətini yüksək qiymətləndirib.
Aignerin namizədliyinin irəli sürülməsi XDİ və XSİ daxilində uzun müddətdir davam edən müzakirələrə son qoyub. Onun yanvarın 30-da keçiriləcək Federal Məclisin iclasında prezident seçilməsi ehtimalı yüksək qiymətləndirilir. XDİ/XSİ bloku və SDP birlikdə etibarlı səs çoxluğuna malikdir.
Seçiləcəyi təqdirdə, 61 yaşlı Aigner Almaniya tarixində ilk qadın prezident və bu vəzifəni tutan ilk XSİ nümayəndəsi olacaq. O, indiyədək ölkəyə rəhbərlik etmiş 12 kişi prezidentin davamçısı olacaq.
Müxalifət isə bu təşəbbüsü tənqid edib. Sol Partiyanın parlament fraksiyasının rəhbəri Haydi Rayxinek prezidentliyə partiyadan asılı olmayan namizədin irəli sürülməli olduğunu bildirib. Almaniya üçün Alternativ (AfD) partiyası da alternativ kişi namizəd irəli sürəcəyini açıqlayıb, lakin onun koalisiya namizədinə qalib gəlmək şansının olmadığını etiraf edib.
İlze Aigner 2008-2013-cü illərdə Angela Merkelin hökumətində kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. Daha sonra Bavariya hökumətində iqtisadiyyat və mənzil tikintisi naziri olub. O, 15 ildir XSİ-nin Yuxarı Bavariya üzrə ən böyük regional təşkilatına rəhbərlik edir.
Merts Almaniya prezident İlze Aigner
Mənbə: apa.az