- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 19.07.2024 15:11
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyətə başlamasının iki ili münasibətilə Zəngilan rayonunun Ağalı kəndində yerləşən “Ağalı” hotelində mətbuat nümayəndələri üçün brifinq keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə çıxış edən Xidmətin icraçı direktoru Növrəs Cəfərov bildirib ki, 2 ildir ki, xidmət, “Böyük Qayıdış” Dövlət Proqramına müvafiq olaraq, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa-quruculuq işləri ilə məşğuldur və keçmiş məcburi köçkünlərin dayanıqlı yaşayışını təmin edəcək yaşayış məskənlərində çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini, eləcə də qeyri-yaşayış təyinatlı tikililərin inşasını təşkil edir. Xidmət, həmçinin mənzil-kommunal təsərrüfatlarının idarə edilməsi, abadlıq və yaşıllaşdırma işlərinin görülməsi, yaşıllığın mühafizə edilməsi, avtomobil yollarının idarə edilməsi, qorunması, onların vəziyyətinə nəzarət edilməsi ilə də məşğuldur.
Xidmətin rəhbəri görülmüş işlərdən danışarkən bildirib ki, hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bir neçə kəndin, şəhər mərkəzlərində yaşayış komplekslərinin layihələndirilməsi və inşası işləri davam edir.
İcraçı direktor Zəngilanda görülən işlərdən danışarkən bildirib ki, bu rayonun ərazisində Xidmətin 2 layihəsinin, Zəngilan Konqres Mərkəzinin və Ağalı Hotelinin açılışını Prezident İlham Əliyev həyata keçirib. Zəngilan şəhər Yaşayış kompleksinin - 104 mənzildən ibarət 2-3 mərtəbəli binaların tikintisi də bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Əlavə olaraq, 4-5 mərtəbəli yaşayış binalarının və inzibati binanın layihələndirilməsi yekunlaşdırılacaq və bu ilin sonlarında tikinti işlərinə start veriləcək.
Növrəs Cəfərov deyib ki, Zəngilan rayonunun Cahangirbəyli kəndində 242 fərdi yaşayış evindən ibarət yaşayış məskəninin yenidənqurma işləri aparılır. Kənd ərazisində, parallel olaraq, məktəb, baxça, inzibati bina, tibb məntəqəsi, bazar kompleksinin inşası gedir. Burda həmçinin, Alıbəyli, Zəngilan kəndi, Mincivan qəsəbəsinin layihələndirmə işləri də aparılır.
Xidmətin icraçı direktoru Qubadlı rayonunda həyata keçirilən layihələrdən danışarkən bildirib ki, hazırda bu rayon üzrə həm aktiv tikintisi icra edilən, həm də layihələndirmə mərhələsində olan bir neçə tikililər var. O, deyib ki, Mahruzlu və Zilanlı kəndlərində tikinti işləri yüksək templə həyata keçirilir. Qubadlının digər kəndi - Xanlıqda artıq şaquli planlama işlərinə başlanılıb. Muradxanlı, Hal, Həmzəli kəndlərində, həmçinin Qubadlı şəhər inzibati binasında, yaşayış kompleksində də layihələndirilmə işləri davam edir. Qubadlı şəhərindəki yaşayış kompleksinin tikintisinə bu ilin sonlarında start verilcək.
Növrəs Cəfərov bildirib ki, Cəbrayıl rayonu ərazisində də kifayət qədər çox işlər görülməkdədir. Vaxtilə öz kəhrizləri ilə məşhur olan Horovlu kəndinin ilkin mərhələsinin tikintisi bu ilin sonlarında yekunlaşacaq. Kəhrizlərin böyük əksəriyyəti isə artıq bərpa olunub. Cəbrayıl şəhərində inzibati binanın, Xudafərin qəsəbəsi, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Soltanlı kəndlərinin layihələndirməsi davam etdirilir.
Növrəs Cəfərov, həmçinin, Xidmətin cəmiyyətin inkişafına töhfə verən sosial yönümlü layihələrdən də bəhs edib. Onun sözlərinə görə, Xidmətlə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, Universitet tələbələri 3 aylıq təcrübə proqramına cəlb ediliblər. Tələbələr öz ixtisaslarına uyğun bilik və bacarıqlarını artırmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə əyani tanış olurlar. Təcrübə proqramını uğurla bitirən tələbələrə tövsiyə məktubları təqdim edilir.
Qeyd edək ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2022-ci il, iyulun 21-də dövlət başçısının müvafiq fərmanı ilə yaradılıb.